Azərbaycan qaz kəmərləri ilə nəqletməni artırmağı planlaşdırır

2019.10.29 10:00 (UTC+04:00)

Azərbaycanın magistral qaz kəmərləri ilə 2023-cü ildə 37,8 mln. ton (maye ekvivalentində) qaz nəql ediləcəyi proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan proqnozla müqayisədə 66,5 faiz çoxdur. "APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə magistral qaz kəmərləri ilə 22,7 mln. ton qaz nəql ediləcəyi gözlənilir. Sənədə əsasən, 2020-ci ildə respublikada 27,4 mln. ton, 2021-ci ildə – 32,7 mln. ton, 2022-ci ildə isə 35,5 mln. ton qazın nəqli proqnozlaşdırılır.

Hesablamalara görə (0,72 əmsalından istifadə etməklə), 2019-cu ildə Azərbaycanda 31,5 mlrd. kubmetr, 2020-ci ildə – 38,1 mlrd. kubmetr, 2021-ci ildə – 45,4 mlrd. kubmetr, 2022-ci ildə – 49,3 mlrd. kubmetr, 2023-cü ildə isə 52,5 mlrd. kubmetrə yaxın qaz magistral kəmərlərlə nəql ediləcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 23,5 mlrd. kubmetrə yaxın (16,9 mln. ton) qaz nəql edilib.