ABŞ-da nəşr edilən nüfuzlu "Wall Street Journal" (WSI) qəzeti Ağ Saraydakı mənbələrə istinad edərək Prezident Donlad Trampın bütün dövlət qurumlarına "New York Times" və "Washington Post" qəzetlərinə abunə yazılmamaq barədə göstəriş verməyi planlaşdırdığı barədə məlumat yayıb.
Məlumatda Trampa qarşı sərt müxalif mövqeyi ilə tanınan bu qəzetlərə yeni sanksiya tətbiq olunmasına münasibət bildirilib: "D.Tramp mətbuata qarşı açdığı müharibəni qızışdırır".
Qəzet bu iddianı irəli sürərkən Ağ Sarayın mətbuat katibi Stefan Qrişamın göndərdiyi elektron məktuba əsaslanıb: "Federal qurumların abunələri yeniləməməsi ilə böyük qənaət edəcəyik. Vergi ödəyicilərinin yüz minlərlə dollar vəsaiti xilas olacaq".
Qeyd edək ki, Prezident D.Tramp bundan bir qədər əvvəl Ağ Sarayın "New York Times" və "Washington Post" qəzetlərə abunəsini ləğv etdirmişdi və artıq bu qəzetlər ABŞ-ın prezident administrasiyasına gətirilmir.