Gənc və peşəkar kadrların irəli çəkilməsi öz töhfəsini verir

2019.10.28 16:43 (UTC+04:00)

"Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır. Yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər". Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirləri onun qara qızılı insan kapitalına çevirmək üçün atdığı uğurlu addımları tamamlamaqdadır. Təsadüfi deyil ki, Dünya Bankının insan kapitalı üzrə indeksində Azərbaycan 157 ölkə arasında 69-cu yerdə qərarlaşıb.

"vergiler.az"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı hazırda ölkələr arasında bir neçə kriteriyalar – texnologiyalar, insan kapitalı, idarəetmə sistemləri, kapital və bazarlar üzrə rəqabət getdiyini vurğulayıb: "İnsan kapitalı bu rəqabətdə vacib bir rol oynayır. Xüsusilə də dördüncü sənaye inqilabı şəraitində rəqəmsallaşma, biotexnologiyaların tətbiqi, fiziki texnologiyaların tətbiqində insan kapitalının rolu əvəzsizdir. Nəzərə alsaq ki, artıq qarşıdan beşinci sənaye inqilabı gəlir, burada süni intellekt önə çıxacaq, amma o süni intellekti yaradan da, istiqamətləndirən də insan kapitalıdır. Bu baxımdan Azərbaycanda çox böyük işlərin görüldüyünü düşünürəm. Amma bu o demək deyil ki, bütün problemlər həll olunub. Bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək".

Vüsal Qasımlının sözlərinə görə, Azərbaycan hökumətinin tərkibində, xüsusilə yeni təyin olunan kadrların müxtəlif sahələrdəki uğurlarını qeyd etmək olar ki, bunlar bilavasitə insan kapitalının gətirdiyi tövhələrdir: "Kənd Təsərrüfatı Nazirliyində gənc kadrın irəli çəkilməsi nəticəsində bu sektorda artım rekord həddədir – 7 faizlik artım qeydə alınıb. Miqrasiya Xidmətində gənc kadrın irəli çəkilməsi ona gətirib çıxardı ki, bu qurumda rəqəmsallaşma və digər məsələlərdə institusional irəliləyişlər əldə olundu. Vergilər Nazirliyində gənc kadrın irəli çəkilməsi nəticəsində təkcə bu ilin 9 ayında plandan əlavə 350 milyon manata yaxın vəsait toplanıb. Korrupsiya, "kölgə iqtisadiyyatı" ilə kifayət qədər keyfiyyətli mübarizə nümunəsi ortaya qoyulub. Bütün bunlar onu göstərir ki, cənab Prezident tərəfindən gənc kadrların irəli çəkilməsi öz tövhəsini verir".

Vüsal Qasımlı bildirib ki, Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilməsi çox müsbət bir addımdır. Çünki dünya təcrübəsinə baxsaq, çox nadir hallarda rast gəlinir ki, vergi toplayan bir qurum ayrıca nazirlikdir: "Qonşu Gürcüstanda vergilər Maliyyə Nazirliyinin tərkibində Gəlirlər Deportamenti tərəfindən toplanılır. Cənubi Koreyada bu işi Milli Vergi Administrasiyası görür. Polşada və Çexiyada Maliyyə Xidməti deyilən bir qurum var ki, həm də vergiləri toplayır. Yəni biz təcrübəyə baxsaq, bir çox hallarda vergi toplayan qurum ya İqtisadiyyat, ya da Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Deməli cənab Prezidentin bu struktur islahatı tamamilə qlobal trendə uyğundur".

Səbuhi TURAN