Mikayıl Cabbarov: "Sahibkarlara, iş adamlarına dostluq, dost münasibəti təklif edirik"

2019.10.28 14:41 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasının "Həftə" analitik-informasiya proqramının qonağı olub. Azərbaycan Prezidenti İlham Əliyevin son iqtisadi müşavirədə səsləndirdiyi fikirlər, müvafiq dövlət qurumları qarşısında qoyduğu vəzifələr, İqtisadiyyat Nazirliyinin perspektiv fəaliyyət planları haqda danışan nazir həyata keçirilən iqtisadi islahatlar, kadr və struktur dəyişiklikləri ilə bağlı sualları cavablandırıb.

- Mikayıl müəllim, hər vaxtınız xeyir olsun! Dəvətimizi qəbul etdiyiniz üçün minnətdarlığımı bildirirəm və İqtisadiyyat naziri təyin olunmağınız münasibətilə Sizi təbrik edirəm. Bu, əlbəttə, böyük etimad, inam və eyni zamanda böyük məsuliyyətdir. Həm bizim üçün, həm də ictimaiyyət üçün maraqlıdır: Mikayıl müəllim yeni təyinatdan sonra yaxın perspektivdə qarşıya hansı vəzifələri qoyub və cənab Prezidentin tapşırığına, strateji kursuna əsasən hansı fəaliyyət istiqamətlərini müəyyənləşdirib?

- Biz işimizi möhtərəm Prezidentin verdiyi tapşırıqlara, göstərişlərə uyğun olaraq quracağıq. Söylənildiyi kimi, qarşımızda iqtisadi inkişafın, iqtisadi artım templərinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr və hədəflər durur. Növbəti həftələr ərzində əsas məsələlərdən biri həmin hədəflərə necə çatmaq sualına cavab tapmaq olacaq. Başqa sözlə, ilk işimiz İqtisadiyyat Nazirliyinin yenilənmiş iş proqramlarını, hədəflərini ortaya qoymaqdan ibarət olacaqdır. Biz öz işimizi müsbət bünövrə üzərində davam etdirəcəyik. Çünki makroiqtisadi vəziyyətə nəzər salsaq görərik ki, prinsip etibarilə bizim çox müsbət göstəricilərimiz mövcuddur. Xarici borcumuz aşağı səviyyədədir, makroiqtisadi sabitlik təmin olunubdur. Artıq son 10 ay ərzində biz xüsusilə qeyri-formal iqtisadiyyatın sürətlə formal iqtisadiyyata, yəni "kölgə"dən ağa çıxmaq meyillərini müşahidə edirik. Bunu yeni əmək müqavilələrinin, iş yerlərinin sayının artımında, vergi və gömrük mədaxillərində, bir sıra digər iqtisadi amillərdə görürük, müşahidə edirik.

Qarşımızda iqtisadi inkişafın, iqtisadi artım templərinin xüsusilə qeyri-neft
sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin
daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin
təmin edilməsi kimi vəzifələr və hədəflər durur

- Ən əsası, şəffaflığın təmin olunması baxımından çox ciddi nəticələr var...

- Doğrudur, maliyyə sektorunda biz banklarda, hesablarda olan vəsaitlərin sürətli artımını müşahidə edirik. Bir sözlə, ümumi müsbət tendensiyalar mövcuddur. Eyni zamanda, hamımıza bəlli olan, dövlət başçısının da çıxışlarında qeyd etdiyi çatışmazlıqlar var və bu çatışmazlıqların aradan qaldırılmasına istiqamətlənmiş hədəflər var. O çatışmazlıqlarla mübarizə aparmağı, həmin hədəflərə, məqsədlərə nail olmağı İqtisadiyyat Nazirliyinin əsas vəzifəsi kimi görürük. Həyata keçirdiyimiz işlərdə ana prinsip təmin edilmiş iqtisadi müstəqilliyin qorunub saxlanılması, başqa sözlə desək, iqtisadiyyatın dövlətimiz qarşısında duran vəzifələrinin həlli üçün zəruri olan resursları təmin etmək, yeni iş yerlərinin yaradılmasına xidmət etmək, əhalinin məşğulluğunu, iqtisadi fəallığını artırmaq kimi hədəflərdir. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi həm dövlətin, büdcənin imkanlarını artırır, həm də vətəndaşların. Bu istiqamətdə də fəaliyyətimizi quracağıq.

- Mikayıl müəllim, yəni əsas problemlərdən biri, cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, inhisarçılığın qarşısının alınmasıdır və düşünürəm ki, İqtisadiyyat Nazirliyinin yaxın və uzaq perspektivdə qarşıya qoyduğu strateji hədəflərdən biri və bəlkə də birincisi məhz bu istiqamətdə konkret nəticələrin əldə olunmasıdır. Etiraf edək ki, bu heç də asan məsələ deyil. Çünki inhisarçılıq yalnız Azərbaycan üçün deyil, hətta dünyanın bir sıra aparıcı ölkələri üçün də ən ciddi problem olaraq qalır.

- Bazar iqtisadiyyatının bir neçə təməl prinsipi var. Mülkiyyətin toxunulmazlığı, qanunların aliliyi və sair. Bu prinsiplərdən biri də azad rəqabət prinsipidir. Azad rəqabət prinsipinin təmin edilməsi üçün, qeyd etdiyiniz kimi, demək olar bütün ölkələrdə, bütün iqtisadiyyatlarda antiinhisar qurumları fəaliyyət göstərir. Antiinhisar qurumlarının fəaliyyətinin əsas məqsədi məhz azad rəqabəti qorumaqdır. Azad rəqabət nəyə görə vacibdir, nəyə görə bu, təməl prinsipdir? Çünki rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın şəkildə qorunur, çünki artıq bazarda satıcı ilə alıcı arasında münasibət bir tərəfin diqtəsinə əsasən deyil, tələb-təklif əsasında qurulur. Bizim iqtisadiyyatda bəzi hallarda antiinhisar sahəsində olan problemlərlə rastlaşırıq. Bu, özünü müxtəlif amillərdə büruzə verir, ilk növbədə, qiymətlərdə nizam-intizamın pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında. Ona görə də bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu peşəkar mütəxəssislərlə təmin etmək, digər tərəfdən çatışmayan qanunları qəbul etməklə mövcud qanunvericiliyin tətbiqini gücləndirmək. Biz bu fəaliyyəti həyata keçirəcəyik.

Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi həm dövlətin, büdcənin imkanlarını artırır,
həm də vətəndaşların. Bu istiqamətdə də fəaliyyətimizi quracağıq

- Digər mühüm və maraqlı məqam dövlət başçısının müvafiq fərmanı ilə iki struktur - Vergilər Nazirliyi və Dövlət Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinin tabeçiliyinə verildi. Bu strukturlar arasında əlaqə necə həyata keçiriləcək və ümumiyyətlə, bu strukturların fəaliyyəti necə tənzimlənəcək? Bu barədə Sizin fikirlərinizi eşitmək istərdik.

- İqtisadiyyat Nazirliyinin əsas hədəfi, əgər belə demək olarsa, iqtisadiyyata bütöv bir baxışı əks etdirməkdir. Bunun üçün bir sıra alətlər mövcuddur. Onlardan biri vergi siyasətidir. Biz vergi siyasətini iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin bir amili, bir faktoru kimi qiymətləndiririk. Sirr deyil ki, bu gün vergi yükünün mövcudluğundan, səviyyəsindən, vergi inzibatçılığının mədəniyyətindən asılı olaraq, bir sıra istər yerli, istər xarici investorlar yeni işə, yeni biznesə başlamaq, yoxsa başlamamaq, hansı ölkədə başlamaq, hansı həcmdə sərmayəni həyata keçirmək kimi suallara cavab axtarır və müvafiq qərarlar verir. Bu mənada, düşünürəm ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalıdır, iqtisadiyyatın rəqabətliliyinə yönəlməlidir. Bu da, öz növbəsində, iqtisadi inkişafın, iqtisadi fəaliyyətin və nəticə etibarilə vergitutma bazasının genişləndirilməsinə gətirib çıxarır. Daha böyük iqtisadiyyatda, təbii olaraq, daha çox vergi mədaxili təmin edilə bilir. Dövlət əmlakı, dövlət müəssisələri kimi mövzuya gəldikdə, qeyd etməliyəm ki, burada da ilk növbədə dövlət mülkiyyətində olan bir çox müəssisələrin fəaliyyəti ümumilikdə iqtisadi fəallığa təsir göstərir. Xüsusilə təbii inhisarları qeyd etmək olar. Bu, tək Azərbaycanda deyil, hər bir iqtisadiyyatda belədir. İnfrastruktur təminatını, xidmətləri təqdim edən qurumların tarif dərəcələri ölkədə iqtisadi fəallığın səviyyəsinə təsir edə bilir.

Bu mənada, inanıram ki, biz müvafiq dövlət qurumları ilə, dövlətin mülkiyyətində olan aidiyyəti şirkətlərlə birgə işləyərək qarşıda duran vəzifələri uğurlu şəkildə həll edə biləcəyik. Digər məsələ isə dövlətin mülkiyyətində olan əmlakı daha səmərəli istifadə etməklə iqtisadi siyasətə qoyulan məqsədlərə xidmət etməkdir. Onu da qeyd edim ki, digər sahələrdə olduğu kimi, biz də öz işimizi sıfırdan başlamırıq. Bütün sahələrdə son illər ərzində xeyli işlər həyata keçirilib. Bütün nailiyyətləri qoruyaraq, bütün nailiyyətlərə əsaslanaraq, çatışmazlıqlar mövcud olan və təkmilləşdirmələrə ehtiyac yaranan istiqamətləri, düşünürəm ki, işləyərək həyata keçirəcəyik.

Azad rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları
daha aydın şəkildə qorunur, çünki artıq bazarda satıcı ilə alıcı arasında
münasibət bir tərəfin diqtəsinə əsasən deyil, tələb-təklif əsasında qurulur

- Deyilənləri ümumiləşdirsək, bu gün cənab Prezidentin qarşıya qoyduğu strateji xətt iqtisadi fəallığı artırmaqdır və adları qeyd olunan qurumlar da iqtisadi fəallığın artırılmasında birbaşa iştirak edirlər. Məqsəd funksionallığı artırmaq və vahid mərkəzdən idarə etməkdir.

- Bəli. Sahibkarlıq üçün mühit sabit, şəffaf, əlçatan olmalıdır. Burada tək sadalanan qurumlar deyil, digər sahələrlə də yaxından çalışmalıyıq. Mən burada maliyyə sektorunu, bankları qeyd edə bilərəm. Çünki kreditə çıxış, sahibkarlıq fəaliyyətinin, bizneslərin kreditlərə əlçatan olması çox vacibdir.

- Bəli, dövlət başçısı da bunları qeyd etdi...

- Bu mövzular müzakirə olunub. Qarşımızda bu və digər istiqamətlərdə, məhkəmə sistemində həyata keçirilən islahatların, müsbət istiqamətdə olan addımların sürətləndirilməsi, bizim tərəfimizdən buna zəruri olan dəstəyin verilməsi kimi hədəflər durur. Bir məqamı da qeyd etməyim vacibdir. Sahibkarlar üçün, xüsusilə kiçik və orta biznes üçün güclü, peşəkar məsləhət xidmətlərinin təqdim edilməsinə böyük ehtiyac var. Çünki müsbət biznes ideyaları, layihələr düzgün təhlil həyata keçirilmədiyindən, zəruri kompetensiyalar, peşəkar məsləhət olmadığından reallaşdırıla bilmir. Bu da öz növbəsində iqtisadi fəaliyyətə mənfi təsir göstərir. Ona görə də qarşımızda duran vəzifələrdən biri də, düşünürəm ki, belə alətlərdən daha geniş istifadə edilməsidir. Yəni bu sahədə mövcud imkanların yenidən nəzərdən keçirilməsi, bu istiqamətin gücləndirilməsi.

Daha böyük iqtisadiyyatda, təbii olaraq, daha çox vergi mədaxili təmin edilə bilir

- Mikayıl müəllim, cənab Prezidentin istəyi yalnız maliyyə, sahibkarlıq və vergi sistemində deyil, bütün idarəçilik aparatında funksionallığın, operativliyin, şəffaflığın və əlçatanlığın təmin olunmasıdır. Məhz bu məqsədlə də struktur və kadr islahatları həyata keçirilir. Mən yenə də Sizin təyinata keçid almaq istərdim. Dövlət başçısı bu gün gənc kadrları həmin önəmli postlara təyin edir. Gənc kadrlara konkret istiqamət verir və onların qarşısında dövlətin idarə olunması, sahibkarlığın daha da inkişaf etdirilməsi, maliyyə sektorunun inkişafı istiqamətində konkret vəzifələr qoyur. Həmin insanlardan biri də Sizsiniz. Tam əminliklə söyləmək olar ki, bu zaman həmin gənc kadrların bacarığı, qabiliyyəti mütləq nəzərə alınır. Bax, istərdim məsələnin bu tərəfi ilə bağlı Sizin fikrinizi öyrənək. Nəyə görə? Çünki tam əminliklə demək olar ki, Sizin də fəaliyyətinizdə prioritet məsələlərdən biri gənc kadrların önəmli postlara təyin edilməsi və daha operativ bir idarəetmə mexanizminin qurulmasıdır.

- Azərbaycan unikal bir təcrübəyə malikdir. Biz şahidiyik ki, bilik, bacarıq və kompetensiyalar nəsildən nəsilə ötürülür. İstənilən gənc kadrın formalaşmasında böyük nəsil çox müsbət və əvəzolunmaz rol oynayıb, oynayır və oynamaqdadır. Eyni zamanda simaların dəyişməsi, şəxslərin dəyişməsi, - bu, sadəcə olaraq, təbii bir prosesdir və yəqin ki, həm həyatın, həm idarəetmənin müəyyən təbii qanunlarına əsaslanır. Düşünürəm ki, cənab Prezidentin rəhbərliyi ilə bugünkü Azərbaycan təkamül, sabitlik yolu ilə gedən və inkişaf edən, nəticələri ortaya qoyan, öz çatışmazlıqlarını tanıyan və onlar barədə danışan, hərəkət edən, tədbir görən bir hökumətin iş üsuludur. Bu, hər bir hökumət üzvü, vəzifə sahibi qarşısında çox yüksək standart və tələblər qoyur. Hər birimiz öz gündəlik fəaliyyətimizlə onu sübut etməliyik.

Müsbət biznes ideyaları, layihələr düzgün təhlil həyata keçirilmədiyindən,
zəruri kompetensiyalar, peşəkar məsləhət olmadığından reallaşdırıla bilmir

- Mikayıl Cabbarovun yeni vəzifədə sahibkarlara, investorlara ürək sözləri nə ola bilər?

- Ürək sözlərim sahibkarlara, iş adamlarına dostluq və dost münasibəti təklif etməkdən ibarətdir. Dost sözünün mənası çox dərindir. Dostluq ikitərəfli yoldur. Başqa sözlə, dostun, sahibkarın problemi olduqda, hökumətin müvafiq qurumlarının, o cümlədən ilk növbədə İqtisadiyyat Nazirliyinin borcudur ki, problemləri dinləsin, onları həll etsin, həllinə köməklik göstərsin. Müvafiq olaraq, sahibkarın da öz tərəfindən dost kimi üzərinə düşən vəzifələr var: işini şəffaf qurmaq, zənginləşərək, işini genişləndirərək fəaliyyətindən irəli gələn dövlətin vergilərini ödəmək. Vəssalam. Cənab Prezidentin də dediyi kimi, başqa heç bir öhdəlikləri yoxdur. Biz öz tərəfimizdən söz veririk ki, bu dostluğa sadiq olmağa hazırıq. Sahibkarları da ona dəvət edirik.

- Mikayıl müəllim, biz də məsuliyyətli və çətin işinizdə Sizə uğurlar arzulayırıq. Çox sağ olun ki, studiyamıza gəldiniz və suallarımızı cavablandırdınız!

- Çox sağ olun. Mən də sizə təşəkkür edirəm.