Gürcüstanda IOTA-nın konfransı keçirilib

2019.10.26 10:29 (UTC+04:00)

Tbilisidə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) və Gürcüstanın Gəlirlər Xidmətinin birgə keçirdikləri illik Beynəlxalq Konfransda ölkəmizi Vergilər Nazirliyinin Dövlət qeydiyyatı baş idarəsinin rəisi Ələkbər Məmmədov və Dövlət qeydiyyatı baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili şöbəsinin baş hüquqşünası Lalə Hüseynova təmsil ediblər. Konfrans çərçivəsində vergi əməletməsinə dair texnologiyalara həsr edilmiş sərgi keçirilib. Tədbirdə 30-dan artıq ölkənin vergi orqanının nümayəndələri, eləcə də Afrika Vergi Administrasiyası Forumu, Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT), Avropa Komissiyası, Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi (GITA), Fiskal Sənədləşmə üzrə Beynəlxalq Büro (İBFD), Beynəlxalq Valyuta Fondu (İMF), Milli Qeydiyyat Agentliyi, Canon Qlobal Araşdırmalar İnstitutu, KPMG və digər biznes strukturlarının təmsilçiləri iştirak edib.

Sərgidə Azərbaycanın Vergilər Nazirliyi "Hüquqi şəxslərin bir prosedurla onlayn dövlət qeydiyyatı: Uğurlu biznes - asan qeydiyyat prosesindən başlayır" mövzusunda eksponent qismində iştirak edib. Burada Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş məlumatlarla təchiz olunan stendi təşkil edilib, yeni qeydiyyat prosesinin mərhələlərini əks etdirən video-çarx nümayiş olunub. Sərgi zamanı Azərbaycanda yeni qeydiyyat prosesi ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Konfrans çərçivəsində "Elektron vergi portalları" mövzusunda keçirilən 6.2-ci paralel sessiyada Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi "MMC-nin bir prosedurla dövlət qeydiyyatı" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda vergi siyasətinin başlıca prinsipləri, rəqəmsal vergi inzibatçılığı, vergi ödəyicilərinə göstərilən xidmətlər, Azərbaycanda qeydiyyat prosesinin tarixçəsi, ötən illərdə aparılmış islahatların nəticəsi, məqsəd və hədəfə çatmağın yolları, yeni yanaşma və yeni islahat nəticəsində ləğv olunan prosedurlar, üstünlüklər kimi istiqamətləri vurğulanıb.

Konfransda "Tez, Sadə və Münasib – vergi əməletməsinin elektron xidmətlər vasitəsilə inkişaf etdirilməsi" (Gürcüstan); "ORBİS – məlumatların idarə olunması" (Niderland); "Sabahın vergi əməkdaşları" (IOTA); "Vergi ödəyicisinin Reytinq Sistemi" (Latviya) kimi qabaqcıl təcrübələr, "Yeni vergi bəyannamələri 2019" (Norveç) mövzusunda rəqəmsal layihə təqdim olunub.