Dövlət Neft Fondunun qızıl, Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2019.10.25 17:34 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-sentyabr aylarında 49,71 ton qızıl alıb. Bu ilin üçüncü rübündə isə Fond tərəfindən alınan qızılın həcmi 5,19 ton olub. ARDNF-nin 2019-cu ilin 9 ayının yekunlarına dair hesabatına görə, sentyabrın 30-na Fondun investisiya portfelində qızılın ümumi həcmi 100,66 ton olub. Qeyd edək ki, 2018-ci ilin sonuna olan məlumata görə, ARDNF-nin investisiya portfelində qızılın ümumi həcmi 50,95 ton təşkil edib. Hazırda Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 11,4 faizdir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları da artaraq 6,1 mlrd. ABŞ dollara çatıb. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, bu il sentyabrın 30-na Mərkəzi Bankın valyuta ehtiyatları 6.034,1 mln. dollar, cari ilin əvvəlində isə 5.625,7 mln. dollar təşkil edib. Göründüyü kimi, AMB-nin valyuta ehtiyatları son bir ayda təxminən 1 faiz, ilin əvvəlindən isə 8,4 faiz artıb.