- Zahid müəllim, Prezident İlham Əliyev keçirdiyi son iqtisadi müşavirədə ölkədə aparılan fiskal siyasətə toxunub. Aparılan islahatlar, şəffaflaşma tədbirləri, vergi daxilolmalarının artmasını xüsusi vurğulayıb. Sizin bu məsələlərə yanaşmanız necədir?
- Prezident son müşavirədə sahibkarların qarşısına qoyulan tək bir tələbin vergilərin ödənilməsi olduğunu vurğuladı. Dövlətimizin gücləndirilməsi prosesində onları fəal iştirak etməyə çağırdı. Vergiləri ödəmək hər bir vətəndaşın borcudur. Sahibkardan başqa heç bir ödəniş tələb edilə bilməz. Bununla əlaqədar bütün qurumlar qarşısında belə bir vəzifə qoydu – maksimum şəffaflıq və dürüstlük. Bununla yanaşı sahibkarlar da dövlətin vergisini tam şəkildə ödəməkdə maraqlı olmalıdırlar. Çünki ödənilən vergilər hesabına sosial layihələr icra edilir, məcburi köçkünlərin problemləri həll edilir. Ən əsası da büdcəyə daxil olan vəsaitlər ordumuzun gücləndirilməsinə sərf edilir. Müşavirədə Prezident tərəfindən vurğulandı ki, vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.
Son illərdə aparılan islahatlar nəticəsində vergi sistemində məhz Prezidentin dediyi şəffaflıq təmin edilib. Bütün biznes dairələri üçün vahid qaydalar tətbiq edilir. Vergilər sahəsində aparılan köklü islahatlar sahibkarlar üçün bir stimullaşdırıcı rol oynadı. Bunun nəticəsidir ki, Vergilər Nazirliyinin xətti ilə büdcəyə proqnozdan əlavə 350 milyon manata yaxın vəsait toplanıb. Bu da təbii ki, şəffaflığın təzahürüdür.
Biz güclü dövlət qururuq və güclü dövlətin güclü iqtisadiyyatı olmalıdır
- Son struktur və kadr islahatları ilə Azərbaycan Prezidenti vətəndaşların rifah halının yaxşılaşdırılması və iqtisadi inkişaf yolunda dəyişikliklərin daim yeni və mütərəqqi çalarlarla davam edəcəyini göstərdi. Prezident açıq şəkildə iqtisadi müstəqillik və qüdrətli Azərbaycan yolunda köklü, dövrün çağırışlarına uyğun yenilənmələrin mesajını səsləndirdi.
- Bəli, dövlətimizin başçısının qərarı ilə köklü struktur və kadr islahatları həyata keçirilir və bu siyasət davamlı xarakter daşıyır. Prezidentin də vurğuladığı kimi bir neçə qurumun birləşdirilməsinin əsas səbəbi iqtisadiyyatın gücləndirilməsidir. Ulu öndərin vaxtilə uzaqgörənliklə ifadə etdiyi kimi "iqtisadiyyatı güclü olmayan ölkə müstəqil ola bilməz". Biz güclü dövlət qururuq və güclü dövlətin güclü iqtisadiyyatı olmalıdır. Bu prinsipləri rəhbər tutaraq çoxlu, elmi tədqiqatlara söykənən, mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan islahatlar aparılır. Təcrübə göstərir ki, məhz güclü iqtisadiyyata sahib ölkənin müstəqil siyasəti olur. Son dönəmlərdə Vergilər Nazirliyində şəffalığın təmin olunması, sahibkarlarla əməkdaşlığın qurulması istiqamətində aparılan islahatlar, vergi siyasətinin və qanunvericiliyə ediləcək dəyişikliklərin sahibkarlıqla, ictimaiyyətlə müzakirəsi göstərdi ki, bu sahədə uğurlarımız böyükdür. Bu baxımdan bir neçə iqtisadi güc strukturlarının birləşdirilməsində də ilk vəzifə iqtisadiyyatı daha da gücləndirmək, iqtisadi idarəetmənin çevik və müasir səviyyəyə qaldırmaqdır.
Bir neçə iqtisadi güc strukturlarının birləşdirilməsində də ilk vəzifə iqtisadiyyatı
daha da gücləndirmək, iqtisadi idarəetməni çevik və müasir səviyyəyə qaldırmaqdır
Bu gün reallaşan iqtisadi inkişafı qoruyub saxlamaq və davam etdirmək üçün böyük investisiyalar tələb olunur. Tələb olunan investisiyalar nəyin hesabına ödənilməlidir? Bu xərcləmələrin sürətli və fasiləsiz həyata keçirilməsi üçün maliyyə dayanıqlığı olmalıdır. Vergilər iqtisadi inkişaf üçün gərəkli investisiyaları təşviq edən xüsusiyyətə sahibdir. Prezident də qeyd etdi ki, biz vergi sahəsində lazımi addımları atmaqla sahibkarlığın stimullaşdırılmasını həyata keçirə bildik. Digər tərəfdən iqtisadiyyatın şaxələndirilməsi tələbi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, ixrac potensialının artırılması vəzifələri struktur dəyişiklikləri və ümumi dövlət idarəçilik sistemində təkmilləşməni zəruri edir. Həmin məqsədlərə nail olmaq üçün artıq İqtisadiyyat Nazirliyinin qarşısında mühüm vəzifələr durur. Hesab edirik ki, islahatların davam etdirilməsi üçün tələb olunan maliyyə qaynaqlarında başlıca yeri məhz vergilər tutur. Beləliklə, stimullaşmanı artırmaq, vergi daxilolmalarını və vergitutma bazasını genişləndirmək, dövlət-sahibkar münasibətlərini yeni platformaya çıxarmaq məqsədilə sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr aradan qaldırılacaq. Azərbaycanda sahibkarlıq mədəniyyəti, vergi mədəniyyəti yeni formalaşır. ABŞ-da artıq çoxdan bilirlər ki, yalnız ölümə və vergidən yayınmağa çarə yoxdur. Ölkəmizdə isə vergi sahəsində cinayətlərin qarşısının alınması qaydaları yeni-yeni formalaşır.
İqtisadiyyatın şaxələndirilməsi tələbi, qeyri-neft sektorunda daha yüksək
əlavə dəyərin yaradılması, ixrac potensialının artırılması vəzifələri
struktur dəyişiklikləri və ümumi dövlət idarəçilik sistemində təkmilləşməni zəruri edir
- İqtisadiyyatın şaxələndirilməsinin iqtisadi artıma təsiri danılmazdır. Bu istiqamətdə atılan addımlar haqda fikirlərinizi bilmək istərdik.
- Əvvəllər sahibkarlığın inkişafında müəyyən maneələr var idi. Prezident İlham Əliyev də xüsusilə qeyd etdi ki, bölgələrdə çox ciddi şəkildə sahibkarların fəaliyyətinə maneçilik törədirdilər. İndi bütün proseslərə nəzarət olunacaq, münasibətlər tənzimlənəcək. Qeyri-neft soktorunun inkişafı ilə əlaqədar stimullaşdırıcı tədbirlər uğurla davam etdirilir. Vergilər Nazirliyi proqnozlarla bağlı və sahibkarlığın dinamikasını göstərən rəqəmləri İqtisadiyyat Nazirliyindən alırdı. İndi yeni yaradılan strukturda hadisələr bir mərkəzdən izlənəcək, ona əsasən qərarlar veriləcək. Nəticədə idarəetmədə dinamizm və çeviklik problemi həllini tapacaq, səmərəlilik artacaq, iqtisadiyyatın geniş spektrində davamlı inkişaf göstəricilərinin şahidi olacağıq. İqtisadiyyat Nazirliyi daha çox biliklərə, tədqiqata əsaslanan qərarlar verməklə qarşıya qoyulan məqsədlərə nail olacaq.