Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq 203 yaşayış kompleksinin istismarına icazə verilib

2019.10.25 11:17 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanın icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. FHN-dən bildirilib ki, görülmüş tədbirlər nəticəsində ötən səkkiz ayda ümumi sahəsi 3 milyon 434 min 51 kvadratmetr olan 34 min 103 mənzilli, ümumilikdə 620 girişli 203 binaya (kompleksə) dair müsbət rəy verilib. 194-ü Bakıda, 5-i Abşeron rayonunda, 3-ü Gəncədə, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilib. Onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Gəncə şəhər, Abşeron və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.

Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər dövlətimizin başçısının nəzarəti altındadır.

Xatırladaq ki, bu il fevralın 19-da Prezident İlham Əliyev "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman imzalayıb. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanıb.

Sənəddə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir.