Avropa ölkələrində pensiya yaşı artırılır

2019.10.24 19:07 (UTC+04:00)

Almaniya Federal Bankı (Bundesbank) vətəndaşların pensiya yaşını 69,3 yaşına qaldırmağı təklif edib. Türkiyə mətbuatının məlumatına görə, təşəbbüs qəbul edilərsə, dəyişikliklər yalnız 2001-ci ildən sonra anadan olan ölkə vətəndaşlarına şamil ediləcək. Bank pensiya yaşının 2070-ci ilə qədər qaldırılması təklifi ilə də çıxış edib.

Qeyd edək ki, Avropa ölkələri pensiya yaşlarını durmadan artırırlar. Hazırda Almaniyada bu 65 yaş 7 aydır və 2029-cu ilə bu hədd 67 yaşa qədər çatdırılacaq. Danimarka hakimiyyəti də pensiya yaşını yuxarı qaldırır. Belə ki, növbəti on ildə krallıq vətəndaşları 65 deyil, 67 yaşında təqaüdə çıxacaqlar.

2035-ci ilə qədər isə Danimarkada pensiya yaşı 72-yə çata bilər. Bundan əvvəl, yerli vətəndaşların erkən təqaüdə çıxma yaşı 60-dan 66 yaşa qədər artırılıb.

Kişilərin 67, qadınların isə 64 yaşında təqaüdə çıxdığı Norveçdə 2030-cu ilə qədər cins fərqi aradan qaldırılmaqla eyni sistem tətbiq ediləcək. Belə ki, cinsindən asılı olmayaraq ölkə vətəndaşları 67 yaşında pensiyaya çıxacaq.