Vergi güzəştləri işçilərə daha çox sərf edir

2019.01.15 15:52 (UTC+04:00)

2018-ci il yanvarın 1-dən biznes subyektlərində və kommersiya təşkilatlarında fəaliyyət göstərən fiziki şəxslərin aldığı aylıq əməkhaqqı 8.000 manatadək olduqda onlardan gəlir vergisi 0 dərəcə, həmin məbləğdən artıq hissəsi isə 14 faiz dərəcəsi ilə hesablanacaq.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov bildirib ki, bu güzəştlərin tətbiqi nəticəsində "kölgə iqtisadiyyatı"nın əhəmiyyətli şəkildə azalacağı, əmək bazarında işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin leqallaşacağı gözlənilir.

Nazirlik rəsmisi hesab edir ki, Vergi Məcəlləsində özəl biznes üçün nəzərdə tutulmuş dəyişikliklər ilk növbədə işçiyə, yəni xidmət göstərən tərəfə daha çox sərf edir. Çünki bu güzəştlərin nəticəsində xidmət göstərən şəxs birbaşa, yəni vergisiz gəlir əldə etmək imkanı qazanır: "Bunun arxasında daha bir güzəşt də var: sosial sığorta haqları. Əvvəllər işəgötürənlər hər işçiyə görə 22 faiz sosial sığorta haqqı ödəyirdisə, indi bu yük 15 faizə düşüb. İşçinin üzərinə düşən 3 faizlik yük isə 10 faizə qaldırılıb. Yəni sosial sığorta haqları üzrə yük işçi ilə işəgötürən arasında bölüşdürülüb. İşçidən 14 faiz vergi ilə yanaşı, 25 faizə qədər vergi də ləğv edilib: çünki artıq 8.000 manata qədər olan əməkhaqqından vergi tutulmur. Bunun müqabilində işəgötürənin də sosial sığorta yükü xeyli dərəcədə azaldılıb və onun müəyyən hissəsi işçinin üzərinə yönəldilib. Ancaq işçinin üzərinə ötürülən sosial sığorta yükü məhz onun özü ilə bağlıdır. Yəni həmin vəsait kənara yönəldilmir, işçinin fərdi pensiya hesabına yığılır və gələcəkdə əməkhaqqına mütənasib qaydada pensiya təminatına şərait yaratmış olur".

Qeyd edilib ki, bu güzəştlər həm də sahibkarı ədalətli olmağa və işçinin hüquqlarını, o cümlədən onun gələcək pensiya təminatını pozmamağa vadar edəcək.

Elxan SALAHOV