Həyata keçirilən islahatlar insanlarda ruh yüksəkliyi yaradıb

2019.10.24 16:56 (UTC+04:00)

"Vergilərin ödənilməsi hər bir şəxs üçün həm şərəf, həm də vətəndaşlıq borcudur". Bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev ölkədə aparılan vergi islahatlarına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, vergilərin ödənilməsi hər bir vətəndaşın əsas vəzifəsidir: "Biz hamımız başa düşməliyik ki, vergilərin ödənilməsi büdcənin inkişafına xidmət edir. Vergilərin ödənilməsindən yayınmaq, gizlənmək, hər hansı bəhanə ilə boyun qaçırmaq vətəndaşlıq mövqeyi baxımından düzgün deyil".

R.Quliyev bildirib ki, son illər vergi sistemində aparılan uğurlu islahatlar cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinə ciddi təsir göstərib. Bu isə özünü, ilk növbədə, vətəndaşların vergi orqanlarına münasibətində büruzə verir: "Əvvəllər vətəndaşlar vergi məmurlarına narahatçılıqla, narazılıqla baxırdılar. İndi isə vətəndaşlar başa düşürlər ki, vergi orqanlarının işçilərindən qorxmaq, çəkinmək lazım deyil. Yəni artıq vətəndaşla vergi orqanlarının əməkdaşları arasında bərabərhüquqlu tərəfdaşlıq münasibətləri bərqərar olub".

Millət vəkili islahatların insanlarda ruh yüksəkliyi yaratdığını xüsusi vurğulayıb. O, qeyd edib ki, indi ölkədə hər bir şəxs bu islahatlara dəstək verməli, sahibkarlığın inkişafı üçün çalışmalıdır: "Azərbaycan bizim evimizdir. Hamımız problemlərin həlli üçün çalışmalı, ölkəmizi daha da inkişaf etdirməliyik"

Araz AĞAYEV