Azərbaycanda bərpaolunan enerji üzrə 420 MVt-lik stansiyalar tikiləcək

2019.10.24 16:36 (UTC+04:00)

Azərbaycan 2020-ci ilin yazında alternativ enerji sahəsində 8 ərazi üzrə hərrac elan edəcək. "APA-Economics"in məlumatına görə, bunu Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hərraclar Azərbaycanın 8 coğrafi məkanında 5 külək və 3 günəş enerjisi stansiyalarının quraşdırılması layihələri üzrə elan ediləcək.

S. Axundov qeyd edib ki, Azərbaycanın külək enerji potensialı 3 min MVt, günəş enerjisi üzrə isə bu göstərici 20 min MVt-dən artıqdır: "Əsas məqsəd 2030-cu ildə alternativ və bərpa olunan enerji mənbələrinin Azərbaycanda istehsal edilən elektrik enerjisində payını 30 faizə çatdırmaqdır". Agentliyin rəsmisi onu da qeyd edib ki, Strateji Yol Xəritəsinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji üzrə 420 MVt-lik stansiyalar tikiləcək. Bunun 350 MVt-si külək, 50 MVt-si günəş, qalan 20 MVt-si isə biokütlə stansiyalarının payına düşəcək.

Qeyd edək ki, hazırda alternativ enerji mənbələrinin respublika üzrə elektrik enerjisinin istehsalında 8,1 faizdir.