İslahatlar ölkədə sürətli inkişaf üçün yeni imkanlar açır

2019.10.24 15:37 (UTC+04:00)

Bu fikirləri Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə səsləndirib. Ölkə başçısı islahatların yaxşı nəticələr verdiyini vurğulayıb. Qeyd edib ki, bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alındı: "Hesab edirəm ki, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə bu iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini biz kölgədən çıxarırıq. Bu iş yerlərinin 80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb".

Prezidentin səsləndirdiyi mesajlara münasibət bildirən millət vəkili Tahir Mirkişili özəl sektorun iqtisadiyyatda payının daha da artırılmasının vacibliyini vurğulayıb: "Dövlət başçısı sahibkarlıq fəaliyyətinin inkişafına, bu inkişaf ilə bağlı dövlət siyasətinə mane olan qüvvələrə qarşı sərt tədbirlərin görüləcəyini bəyan etdi. Azərbaycanın ümumi daxili məhsulunda 85 faizlik paya sahib olan özəl sektor iqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməlidir. Bu, aparılan iqtisadi islahatların əsas hədəflərindən biridir. Məhz bu hədəf ölkə iqtisadiyyatının sürətli inkişafını, yeni iş yerlərinin açılmasını, iqtisadiyyata daha çox investisiyaların qoyulmasını, insanların maddi rifah halının daha da yaxşılaşmasını təmin edəcək. Buna mane olan hər bir qüvvə dövlətə və xalqa qarşıdır".

Millət vəkili əlavə edib ki, aparılan islahatlar, şəffaflaşma, vergi ödənişində yüksək etimad mühitinin yaradılması istiqamətində görülən işlər hesabına əldə olunan nəticələr, sosial sahədə islahatlar ölkədə sürətli inkişaf üçün yeni imkanlar açıb. Eyni zamanda daha sürətli inkişaf üçün böyük ehtiyatların olması da nəzərə alınaraq bu sahənin peşəkar, Vətənə bağlı kadrlara həvalə olunması yaxın gələcəkdə iqtisadiyyatda daha sürətli artımı təmin edəcək.