Azərbaycanın bank sektorunun aktivləri 7 faiz artıb

2019.10.24 15:15 (UTC+04:00)

Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31.363,3 milyon manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 7,4 faiz çoxdur. Bankların aktivlərinin 12.383,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 20,8 faiz böyüyüb, kreditlərin aktivlərdəki payı isə 35,1 faizdən 39,5 faizə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,3 faiz artaraq 26.674,8 milyon manata, o cümlədən depozit portfeli 9,9 faiz artaraq 20.062,6 milyon manata çatıb. Bunun 8.491,3 milyon manatı fiziki, 11.571,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 4,6 faiz, şirkətlərin banklardakı vəsaitləri isə 14,2 faiz artıb. Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 60,7 faiz azalaraq 160,8 milyon manata düşüb. Sektorun balans kapitalı isə 14 faiz artaraq 4.688,5 milyon manata çatıb.