Fransa Prezidenti ölkə vətəndaşlarına açıq məktubla müraciət edib

2019.01.15 18:55 (UTC+04:00)

"Sarı jiletlilərin" hələ də davam edən və zorakı hadisələrlə müşayiət olunan etirazları ilə bağlı Fransa Prezidenti Emmanuel Makron fransız xalqına müraciətlə yazdığı açıq məktubda ölkədə bəzi vətəndaşların vergilərin yüksək, dövlət xidmətlərinin yetərsiz, maaşların aşağı, həyat şəraitinin çətin olması səbəblərinə görə narazı qaldıqlarının fərqində olduğunu bildirib. O, təkcə Fransada deyil, bütün Avropada insanların narahatlıq keçirdiklərini, buna görə də problemlərin həllinin tapılmasının zəruri olduğunu qeyd edib. Bütün bunlara baxmayaraq, Prezident zorakı üsullara əl atılmasının yolverilməz olduğunu vurğulayıb.

E.Makron etirazlara səbəb olan problemlərin aradan qaldırılması üçün martın 15-dək vətəndaşların iştirakı ilə ölkə miqyasında müzakirələr aparılacağını qeyd edib. Onun sözlərinə görə, fransızlar bu müzakirələrdə ölkədəki problemlərlə bağlı öz rəy və təkliflərini bildirmək imkanı qazanacaqlar.

İşsizliklə mübarizənin onun özü üçün önəmli bir məsələ olduğunu diqqətə çatdıran E.Makron ədalətsizliklərin aradan qaldırılması üçün ölkədə yeni bir sosial sistemin qurulmasının zəruriliyinə inandığını bildirib. O, aparılacaq müzakirələrdə vergi sistemi, dövlət xərcləri, dövlətin və dövlət orqanlarının işi, iqlim dəyişikliyi və demokratiya mövzularının diqqət mərkəzində olacağını xüsusi vurğulayıb. Bildirib ki, "sarı jiletlilərin" etiraz etdikləri yüksək vergilərin aşağı salınması üçün dövlət xərclərinin azaldılmasına ehtiyac var.