2020-ci ildə Avropanın uzun illər müzakirə etdiyi və nail olmağa çalışdığı şaxələndirmə planı reallaşacaq

2019.10.24 10:01 (UTC+04:00)

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı edib. Bildirilib ki, ötən ilin iyul ayından indiyə kimi Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql edilib. Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya qazın çatdırılmasını təmin edəcək əsas həlqə – Trans-Adriatik qaz boru kəməri (TAP) üzrə isə işlərin icra vəziyyəti 90 faizə çatıb: "2020-ci il Avropanın uzun illərdir müzakirə etdiyi və nail olmağa çalışdığı şaxələndirmə planının gerçəkləşdiyi bir il olacaq. Bunun üçün Beynəlxalq Enerji Xartiyası Konfransı sədrliyinə Azərbaycanın layiq görülməsi də məhz Cənubi Qaz Dəhlizinin strateji roluna verilən qiymətdir. Bu dəhlizin diversifikasiya və qitənin dekarbonizasiyası kimi prioritetlərə gözlənilən töhfəsinin təsdiqidir".