Dövlət büdcəsinin gəlirləri artdıqca sosial sahəyə daha çox vəsait yönəldilir

2019.10.23 14:46 (UTC+04:00)

Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə səsləndirilən fikirləri şərh edən millət vəkili Aydın Hüseynov qeyd edib ki, dövlət büdcəsi hər bir vətəndaşın, eləcə də dövlətin güvən yeridir. Onun sözlərinə görə, dövlət büdcəsini formalaşdıran vergi və gömrük sisitemində aparılan islahatlar, qanunvericilik bazasındakı dəyişikliklər artıq öz nəticəsini verib. Təsadüfi deyil ki, gömrük və vergi orqanları tərəfindən doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil edilib: "Hər bir vergi ödəyicisinin öhdəliklərini yerinə yetirməsi dövlət büdcəsinin gəlirlərinin formalaşmasını təmin edir. Bu sahədə şəffaflığın təmin edilməsi, vergitutma bazasının genişləndirilməsi büdcə gəlirlərinin də artmasına təsir göstərir. Bundan başqa, müşavirədə dövlət başçısı çox ciddi tapşırıqlar verdi ki, büdcə xərclərinin şəffaflığı təmin edilsin. Hər hansı layihələr həyata keçirilərkən şişirdilmiş rəqəmlərin göstərilməməsi tapşırıq kimi qarşıya qoyuldu. Bütün bunlar dövlət büdcəsindən səmərəli şəkildə, qənaətlə istifadəni təmin edir ki, bu da sosial sahəyə daha çox maliyyə vəsaiti yönəltməyə imkan verir".

Aydın Hüseynovun sözlərinə görə, dövlət büdcəsinin gəlirləri artdıqca, ölkənin maliyyə imkanları genişləndikcə bu vəsaitlər birinci növbədə sosial istiqamətə, vətəndaşların sosial rifah halının yüksəldilməsinə yönəldilir: "2019-cu ilin əvvəlindən böyük sosial tədbirlərin şahidi oluruq. Cənab Prezidentin sərəncamı ilə böyük sosial paket öz həllini tapdı. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılaraq 130 manatdan 250 manata çatdırıldı. Pensiya isə 116 manatdan 200 manata qaldırıldı. Bundan başqa, müavinətlər və təqaüdlər artırıldı. 4 milyon 200 min vətəndaşı əhatə edən bu sosial tədbirlərin həyata keçirilməsi üçün 4 milyard manata yaxın vəsait ayrıldı. Əhəmiyyətli məqamlardan biri də odur ki, sosial sahəyə bu qədər böyük vəsait ayrılmasına baxmayaraq, ciddi inflyasiya baş vermədi".

Səbuhi TURAN