Azərbaycanda bir neçə dövlət qurumu ləğv edildi

2019.01.15 10:50 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Məqsəd ölkədə dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

Fərmana əsasən, Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Prezident yanında Bilik Fondu və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunur.

Fərmanda bununla bağlı Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Komitəsi, Tarif (qiymət) Şurası və Ədliyyə Nazirliyinə bir sıra müvafiq tapşırıqlar verilib.