Artıq ödənilmiş vergilərin geri qaytarılması qaydası

2019.10.23 10:23 (UTC+04:00)

Vergi hüququ üzrə ekspert Sirac Piriyev bildirir ki, artıq ödənilmiş vergilər vergi ödəyicisinin digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcu olduqda, ilk növbədə onların ödənilməsinə aid edilir. Həmçinin artıq ödənilmiş vergilər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına da aid edilə bilər. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün vergi ödəyicisi Qaydaların 3-cü bəndinə uyğun olaraq qeydiyyatda olduğu və ödənilən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən vergi orqanına müvafiq ərizə ilə müraciət etməlidir.

Qaydaların 4.10-cü bəndinə görə yerli vergi orqanı 25 gün ərzində müvafiq rəy tərtib edərək aidiyyəti maliyyə orqanına təqdim etməlidir. Maliyyə orqanı isə 20 gün ərzində qaytarılmalı məbləği vergi ödəyicisinin bank hesabına köçürülməsini təmin etməlidir.

Vergi ödəyicisi tərəfindən ərizə verildiyi tarixdən 45 gün ərzində artıq ödənilən məbləğlər geri qaytarılmazsa, gecikdirilən hər gün üçün müvafiq məbləğin 0,1 faizi həcmində faizlər ödənilməlidir. Bununla bağlı vergi ödəyicisi yenidən müvafiq ərizə ilə yerli vergi orqanına müraciət edir.

Onu da bildirək ki, vergi ödəyiciləri artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyasının geri qaytarılmasını Vergi Məcəlləsinin 85.5-ci maddəsinə uyğun olaraq 5 il ərzində tələb etmək hüququna malikdirlər.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI