Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyicisi üçün ƏDV öhdəliyi

2019.10.19 16:49 (UTC+04:00)

Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200.000 manatı keçdikdə ƏDV öhdəliyi yaranır. Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyicisi üçün ƏDV üzrə vergitutma obyekti tətbiq edilən ticarət əlavəsidir.

Bu fəaliyyət ilə məşğul olan şəxsin ƏDV öhdəliyinin yaranması məsələsinə baxılarkən 200.000 manat vergi tutulan dövriyyəyə həmin kənd təsərrüfatı məhsullarının satışı üzrə tətbiq edilən ticarət əlavəsi aid edilir, yoxsa satış üzrə ümumi dövriyyə?

Vergilər Nazirliyinin açıqlamasında bildirilir ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan şəxslər tərəfindən həmin məhsulların satışı ümumi qaydada vergiyə cəlb olunur və 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV qeydiyyatı üçün vergi orqanına ərizə təqdim etməlidir.

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanır. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.