Ukraynada korrupsiyanı ifşa edənlərin müdafiəsi və mükafatlandırılması haqqında qanun qəbul edilib

2019.10.18 18:51 (UTC+04:00)

Ukrayna Ali Radası "Korrupsiyanı ifşa edənlərə münasibətdə "Korrupsiya xəbərdarlığı barədə" Ukrayna Qanununa dəyişikliklər edilməsi haqqında" Qanun qəbul edib. Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən təklif edilən "Korrupsiya xəbərdarlığı barədə" Qanuna müvafiq dəyişiklikləri zəruri 226 səs tələb olunduğu halda, ikinci oxunuşda 252 deputat dəstəkləyib.

Qanun korrupsiyanı ifşa edənlərin hüquqi statusunu, onların hüquq və müdafiə təminatını müəyyən edir, həmçinin onları korrupsiya cinayəti barədə məlumatın aşkarlanmasında hüquqi məsuliyyətdən azad edir. Pulun məbləği və ya dövlətə vurulan ziyanın miqdarı əməkqabiliyyətli şəxslər üçün nəzərdə tutulan yaşayış minimumunu 5 min və daha çox dəfə üstələyən korrupsiya cinayəti barədə xəbər verən ifşaçı korrupsiya cinayəti predmetinin və ya dövlətə vurduğu ziyanın ölçüsünün 10 faizi həcmində mükafat almaq hüququna malikdir.