Qanunsuzluqlara qarşı mübarizənin yolu qarşılıqlı əməkdaşlıqdan keçir

2019.10.18 12:10 (UTC+04:00)

- Belarus və Azərbaycan vergi strukturları arasında əməkdaşlıq münasibatlərinin başlıca istiqamətlərini necə səciyyələndirə bilərsiniz?

- Azərbaycan və Belarus respublikaları sosial-iqtisadi sahədə ənənəvi tərəfdaşlardır. Hər iki dövlətin birgə maraqları iqtisadi sahədə istehsalat, təsərrüfat və texniki əlaqələrin, sosial-iqtisadi münasibətlərin tarixən yüksək səviyyədə təşkil edilməsinə, bu əlaqələrin saxlanılmasında obyektiv zərurətə və gələcəkdə onların qarşılıqlı səmərə və bərabərlik əsasında inkişaf etdirilməsinə əsaslanır. Hər iki ölkə arasında uzunmüddətli faydalı sosial-iqtisadi əməkdaşlığın inkişafı üçün baza yaradan bir sıra saziş və müqavilə imzalanıb və bu sazişlər uğurla həyata keçirilir.

2001-ci ildə ikiqat vergitutmanın aradan qaldırılmasına aid ikitərəfli saziş imzalanıb və 2003-cü ildən onun tətbiqinə başlanılıb. Ümumilikdə götürsək, ölkələrimiz arasında vergi sahəsində qarşılıqlı anlaşma hökm sürür. Hansısa məsələ ilə bağlı sual yarandıqda qarşı tərəfdən istədiyimiz cavabı alırıq. Təcrübə mübadiləsi barədə onu deyə bilərəm ki, bu, çox vacibdir. Çünki son zamanlar sizin nazirliyin işində böyük dəyişikliklər olub. Azərbaycanda vergi sahəsində çoxsaylı islahatlar aparılıb, inzibatçılıq baxımından yeni addımlar atılıb. Əlbəttə, bizim bu təcrübələrdən öyrənəcəyimiz çox şey var. Sizin ölkənizlə qarşılıqlı dialoq çərçivəsində əməkdaşlıq həmişə dəyərlidir.

Qeyd etmək lazımdır ki, Belarusda kifayət qədər cəlbedici investisiya və vergi mühiti yaradılıb. Burada bir sıra preferensial rejimlər var ki, bunlar da beynəlxalq şirkətlər üçün vergi planlaşdırılması və optimallaşdırılması baxımından çox faydalı ola bilər.

Azərbaycan və Belarus arasında uzunmüddətli faydalı sosial-iqtisadi
əməkdaşlığın inkişafı üçün baza yaradan bir sıra
saziş və müqavilə imzalanıb və bu sazişlər uğurla həyata keçirilir

- Belarus Respublikasının vergi administrasiyası ilə IOTA arasında əməkdaşlıq hansı səviyyədədir?

- Hələlik IOTA çərçivəsində ümumi əməkdaşlıq görüşləri keçiririk. Şərqi Avropa və Mərkəzi Asiya ölkələri son yeddi ildə biznesə başlamanın sadələşdirilməsi üzrə fəallaşıb. Bu ölkələrdə daha çox "bir pəncərə" sistemi tətbiq edilir. 2002-ci ildə Rusiya Federasiyası bir neçə qeydiyyat növünü bir funksiyada birləşdirib və bununla da sahibkarları biznesə başlamaq üçün müxtəlif agentliklərə getməkdən azad edib. O vaxtdan Azərbaycan, Belarus, Makedoniya, Serbiya və Ukrayna da daxil olmaqla, regionun digər 19 ölkəsi buna bənzər yanaşmalar tətbiq edir. 2005-ci ildən regionda prosedurların sayı 4 dəfə, sərf edilən günlərin sayı 21 günə və xərclərin məbləği adambaşına güşən gəlirin 8,8 faizinə qədər azalıb. Əməkdaşlarımız sahə üzrə Türkiyə və Macarıstanda təşkil olunan kurslara göndərilib və səmərəli təlim keçiblər.

- "Kölgə iqtisadiyyatı" ilə mübarizədə hansı üsullardan istifadə edirsiniz?

- Bizdə ikili mühasibat, dövriyyələrin gizlədilməsi, gəlirlərin uçotdan yayındırılması halları ilə, bir sözlə, "kölgə iqtisadiyyatı" ilə dövlət səviyyəsində çox güclü mübarizə aparılır. Vergi Məcəlləsinin 33-cü maddəsi gəlirlərin açıqlanmasını, uçotdan yayınmaya qarşı mübarizəni əhatə edir.

Hər bir ölkənin, o cümlədən Belarus Respublikasının büdcəsi birbaşa vergilərin ödənilməsindən asılıdır. Sahibkar öz sosial məsuliyyətini anlamalı və bilməlidir ki, ölkənin inkişafı, onun iqtisadi qüdrəti, ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması sahibkarın ödədiyi vergilərlə maliyyələşir. Vəsaitlərin büdcədən yayındırılması isə iqtisadiyyatımıza, ölkəmizin iqtisadi təməlinə ağır zərbə vurmaqla hər bir insanın yaşayışında əks-səda verir.

Son zamanlar Azərbaycanda vergi sahəsində çoxsaylı islahatlar
aparılıb, inzibatçılıq baxımından yeni addımlar atılıb

- Ölkənizdə vergi inzibatçılığının təkmilləşdirilməsi və müasirləşdirilməsi necə gedir?

- Respublikanın vergi sistemi əsasən investisiya qoyuluşu üçün əlverişli mühitin formalaşdırılması, yerli istehsalın rəqabətqabiliyyətlilik səviyyəsinin artırılması üçün elmi-texniki tərəqqinin stimullaşdırılması, beynəlxalq razılaşmalar üzrə götürülmüş öhdəliklər çərçivəsində yerli istehsalın dəstəklənməsi və ölkə vətəndaşlarının maddi rifahının yüksəldilməsi kimi hədəflərə çatmağa imkan verən struktur əsasında formalaşdırılıb.

Vergi münasibətlərinin hüquqi tənzimləyicisi olaraq vergi qanunvericiliyində vaxtaşırı yenilənmələr olur. Belarusun vergi sisteminə ümumi qiymət versək, əsasən yüksək texnologiyalar və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyətin stimullaşdırılması tendensiyasının üstün olduğunu görərik. Bu, həmin fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə daha çox güzəşt və imtiyazların verilməsi ilə həyata keçirilir.

Sahibkar öz sosial məsuliyyətini anlamalı və bilməlidir ki, ölkənin inkişafı,
onun iqtisadi qüdrəti, ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox
başqa sahələrin dayanıqlı olması sahibkarın ödədiyi vergilərlə maliyyələşir

Əsas vergilər (mənfəət, gəlir, əlavə dəyər vergiləri) üzrə dərəcələr kifayət qədər liberal hesab olunur. Lakin ölkədə tətbiq olunan vergi və yığımların sayı heç də az deyil.
Qanunvericilikdə xüsusi sadələşdirilmiş vergi rejimləri kiçik və orta biznesin səmərəli inkişafına əlverişli şərait yaradır. Ölkəmiz hələ BEPS planına qoşulmasa da, qanunvericilikdə müəyyən dəyişikliklər edilir. 15 hədəfdən artıq 5-i üzərində iş gedir.

- Bakıda keçirilən 5-ci regional iclasın iştirakçısı idiniz. Belə tədbirlərin keçirilməsinin vergitutma sisteminin inkişafında rolunu necə görürsünüz?

- Vergi inzibatçılığının modernləşdirilməsində təklikdə hərəkət etmək çox çətindir. Bu cür dialoq platformalarında görüşlər zamanı "beyin fırtınaları" yaranır, ölkələr öz təcrübə və metodlarını bölüşür, yeni tədbirlər planı əldə edirlər və bu, ümumi işin yüksək səviyyəyə çatmasına kömək edir. Vergidən yayınmalarla və qanunsuzluqlarla mübarizə aparmaq və səmərəli nəticə əldə etməyin yolu yalnız qarşılıqlı əməkdaşlıqdan keçir…

Fəxriyyə İKRAMQIZI