Alternativ enerji mənbələri sahəsində əlverişli mühitin yaradılması inkişafa zəmin yaradacaq

2019.10.17 16:37 (UTC+04:00)

BP şirkəti Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələri sahəsinin inkişafına dəstək verməyə hazırdır. "APA-Economics"in məlumatına görə, bunu "BP-Azerbaijan" şirkətinin hüquq müşavirinin köməkçisi Karolina Gilbert Bakıda keçirilən "Xəzər Texniki Konfransı"nda çıxış edərkən bildirib. Onun sözlərinə görə, BP əmindir ki, Azərbaycan hökuməti neft-qaz sektorunda olduğu kimi, alternativ enerjinin inkişafı sahəsində də cəlbedici imkanlar yaradacaq.

K.Gilbert qeyd edib ki, neft-qaz sahəsində əlverişli şəraitin yaradılması Azərbaycan iqtisadiyyatına çox milyardlı investisiyaların yönəlməsinə şərait yaratdı. Bu cür şərtlərin alternativ və bərpa olunan enerji mənbələri sahəsində yaradılması bu istiqamətin inkişafına zəmin yaradacaq.

Qeyd edək ki, BP şirkəti sözügedən sahədə 20 ildən artıq bir təcrübəyə malikdir və Azərbaycanda alternativ enerji sahəsinin inkişafında maraqlıdır.