Bu günə qədər 602 min vətəndaşın kompensasiya çərçivəsində siyahısı müəyyən edilib

2019.10.17 16:07 (UTC+04:00)

"Bu günə qədər 602 min vətəndaşın kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaşın isə kreditlərin restrukturizasiyası çərçivəsinə düşməsi ilə bağlı siyahı müəyyən edilib". "Report"un Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası ilə əlaqədardır. Məlumatda deyilir ki, bu il oktyabrın 1-nə kompensasiya hesablanmış vətəndaşların 98 faizinə ümumilikdə 633,2 milyon manat həcmində ödənişlər edilib ki, bu da cəmi ayrılmış məbləğin 97 faizini təşkil edir.

Eyni zamanda, Fərman çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinən faiz və dəbbə pullarının həcmi 204,9 mln. manatdan çox təşkil edib. 42 min borcalanın kreditləri tamamilə bağlanıb, problemli kreditlərin illik 1 faiz olmaqla 5 il müddətinə restrukturizasiyasına başlanılıb. Həmin tarixə 76.334 borcalanın 153,8 mln. manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib. Qeyd edək ki, restrukturizasiya prosesi cari ilin sonunadək davam edəcək.

Bunlarla yanaşı, hesablanmış kompensasiya məbləğləri və vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası ilə bağlı yaranan narazılıqlarla əlaqədar vətəndaşların müraciətlərinə baxılması və həlli məqsədilə Apellyasiya Komissiyası yaradılıb. Vətəndaşların onlayn qaydada müraciət etmək imkanlarının təmin edilməsi məqsədilə Apelyasiya Komissiyasının elektron portalı (www.pk.fimsa.az) da istifadəyə verilmişdir. Müraciətlərin edilməsi prosesində vətəndaşların rahatlığının təmin olunması nəticəsində ilkin dövrlərdə Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmuşdur. Xüsusilə, cari ilin aprel-may aylarında Apellyasiya Komissiyasına daxil olan müraciətlərin sayı 35.917, müraciətçilərin sayı isə 25.704 olub. Müraciətlərin çoxluğuna və əksər hallarda fərdi qiymətləndirməyə zərurətin yaranmasına baxmayaraq, həmin dövrdə edilmiş bütün müraciətlər cavablandırılıb.