İndiyədək ümumilikdə 31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 2019-cu il 19 fevral tarixli Fərmanı ilə komitəyə verilmiş tapşırıqların icrası sürətlə davam etdirilir. Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi rəylər əsasında 7 gün ərzində həmin binaların istismarına icazə verməlidir.
Fərman imzalandığı tarixdən bu günədək Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində 184 ünvanda yerləşən çoxmənzilli yaşayış binası kompleksləri üzrə təqdim olunmuş rəyləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binaların hər birinin istismarına icazə verilib. Komitə tərəfindən verilmiş 184 icazə ümumilikdə 553 girişli çoxmənzilli binaları və cəmi 31 min 351 mənzili əhatə edir.
Binaların istismara hazırlığı barədə rəy daxil olduqdan sonra istismara icazənin Fərmanla 7 gün ərzində verilməsi tapşırılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq icazələrin daha qısa müddət ərzində – əsasən 3-5 günə verilməsi təmin edilir. Binaların istismarına icazə verildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq göstəricilər Tikintilərin Dövlət Reyestrinə daxil edilir, habelə Əmlak Məsələləri Dövlət Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə, "Azərişıq" ASC-yə və "Azəriqaz" İstehsalat Birliyinə yazılı məlumat göndərilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu günədək verdiyi 184 istismara icazə 31 min 351 mənzilin sahiblərinin mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunması üçün əsasdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının icrası çərçivəsində istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədə yerləşdirilib və daim yenilənir.