Azərbaycanda əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat olub

2019.10.16 16:49 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu dövrdə istehlak məhsullarının dəyər ifadəsində 20,9 faizi ticarət müəssisələri, 49,7 faizi fərdi sahibkarlar tərəfindən, 29,4 faizi isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,9 faiz, fərdi sahibkarlar üzrə 0,6 faiz artıb, bazar və yarmarkalarda isə 6,3 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 156,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.