Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə isə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə oktyabrın 16-da saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatdırılıb. MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 570 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. "Güzəştli mənzil" sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 12 min 724 nəfərdir.
Bugünkü satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3807 nəfər olub. Bu saata olan məlumata görə, seçilmiş 570 mənzilin 550-si vətəndaşlar tərəfindən imzalanaraq ərizələri təqdim edilib.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi isə oktyabrın 18-də saat 11:00-da başlayacaq və oktyabrın 30-da saat 11:00-dək davam edəcək. Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində "Güzəştli mənzil" sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır.
Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və "Təsdiq et" düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.