Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2019.10.15 17:54 (UTC+04:00)

Sabah Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən bildirilib ki, hərraca çıxarılan notların həcmi 170 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar noyabrın 14-də ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Hərrac zamanı notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.