Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başa çatıb

2019.10.15 14:45 (UTC+04:00)

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Tədbirdən öncə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb.

Zirvə Görüşündə çıxış edən Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini bildirib.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev "Türk dünyasının Ali Ordeni"ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.

Zirvə Görüşündə Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türkmənistan Baş Nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış ediblər. Növbəti Zirvə Görüşünün Türkiyə Respublikasında keçirilməsi qərara alınıb.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurub.