Dəyişikliklər sahibkarlığın inkişafına xidmət edir

2019.01.14 15:00 (UTC+04:00)

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinqdə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və ƏDV üzrə güzəştlərin də nəzərdə tutulduğunu diqqətə çatdırıb: "Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər. KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir".

Baş direktor vurğulayıb ki, bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir: "Mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azaddır.

İqtisadçı Anar Bayramov güzəştə dair misal göstərərək deyib: "Tutaq ki, KOB klaster şirkəti olan "AA" MMC-nin yanvar ayında 30.000 manatlıq dövriyyəsi olsa da, 20.000 manatlıq fəaliyyət emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üzrə əməliyyatlara aid olub. "AA2 MMC 10.000 (30.000 manat – 20.000 manat) manatlıq əməliyyatlar üzrə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq 18 faiz ƏDV-ni qarşı tərəfə ödəyir, qanunvericiliyin güzəşt tələblərinə uyğun həyata keçirilən 20.000 manatlıq fəaliyyət isə ƏDV-yə cəlb edilmir.

Fəxriyyə İKRAMQIZI