Avropa İttifaqında belə hesab edirlər ki, "vergi cənnətləri" dünya iqtisadiyyatına mənfi təsir göstərir və insanlar arasındakı sosial tarazlığı pozur. Ona görə də vergi rezidentlərinə qarşı tələblər sərtləşdirilməlidir. Avropa İttifaqının yeni qanunvericilik planı həyata keçəndən sonra xarici şirkətlərin nümayəndəlikləri vergidən yayınmaq məqsədi ilə hər hansı offşor zonada asanlıqla qeydiyyata dura bilməyəcəklər. Əvvəllər, məsələn, Yunanıstan Kiprində real ofisi və ya filialı olmasına ehtiyac duyulmayan istənilən şirkət hər il sabit məbləğ ödəyir və bu ölkənin sərhədlərindən uzaqda həyata keçirdiyi iqtisadi fəaliyyəti vergidən azad edilirdi.
Artıq Avropa İttifaqının təzyiqi ilə Kipr, Bermud, Men və Cersi adaları kimi ərazilər öz siyasətlərini dəyişməli olacaqlar. Bundan sönra rezidentin mövcudluğu faktiki şəkildə təsdiq edilməlidir. Daha doğrusu, indiyədək firmaların xarici fəaliyyətləri ilə bağlı valyuta üzərində hər hansı nəzarətə yol verilmədiyi halda, bundan sonra valyuta əməliyyatlarına nəzarət olunacaq. Şirkətlərin qeydiyyata alındıqları ölkədə nümayəndəliklərinin olması isə məcburi tələbdir.
Bu tədbirlər, ilk növbədə, vergidən yayınan müəssisələrin fiziki mövcudluğuna təsir göstərəcək. Şirkətin offşor zonanın ərazisindən idarə edilə bilməsi üçün həmin ölkədə filialının olması zəruridir. İndi bu məsələ ilə bağlı böyük problemlər yaranır. Qeydiyyat orqanları minlərlə icazəni möhürləyib təsdiqlədiklərinə görə, bir çox müəssisələrin real mövcudluğunun izlənilməsi xeyli çətindir.
Artıq çoxdandır ki, ciddi banklar xarici şirkətlərin ünvanının təsdiqlənməsini tələb edirlər. Şirklətlər öz ünvanları barədə informasiya verməyəndə isə maliyyə qurumları onlarla əməkdaşlıqdan imtina edirlər. Buna görə də yeni qanunvericilik təşəbbüsləri işləri asanlaşdıracaq.