Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunmuş 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Xəstəxana binasında ümumi qəbul, funksional diaqnostika, pediatriya, mama-ginekologiya, travmatologiya, cərrahiyə və doğum şöbələri, rentgen, terapevt, EKQ, otorinolorinqoloq, oftalmoloq, stomatoloq kabinetləri, əczaxana yaradılıb. Tibb müəssisəsində, eyni zamanda, ümumi terapiya, reanimasiya şöbələri, böyüklər və uşaqlar üçün palatalar, laboratoriyalar var. Xəstəxananın hemodializ və fizioterapiya şöbələrində müasir avadanlıq quraşdırılıb, bütün şöbələr və bölmələr arasında birbaşa əlaqələr mövcuddur. Bu isə həm həkimlərin, həm də xəstələrin rahatlığını təmin etmək baxımından böyük rol oynayır. Xəstəxana binasında istirahət və gözləmə guşələri də yaradılıb. Tibb müəssisəsinin müşavirə zalı və yeməkxanası da var. Xəstəxana binasi yüksək zövq və keyfiyyətlə inşa olunub. Tibbi heyət köhnə xəstəxana binasında gün ərzində 80-90 xəstəyə xidmət göstərə bilirdisə, yeni binada gün ərzində 200-300 xəstəyə tibbi xidmət göstərmək mümkündür. Yeni xəstəxana binasının istifadəyə verilməsindən sonra burada 200-250 həkim, orta və kiçik tibb heyəti və yardımçı işçilərin işlə təmin olunması nəzərdə tutulur.
Xəstəxanada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tibb müəssisəsinin kollektivi ilə görüşərək onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda xatirə şəkli çəkdirilib.