Sentyabr ayında Azərbaycan gündəlik 560 min barel xam neft ixrac edib

2019.10.11 10:30 (UTC+04:00)

Respublikada sentyabr ayı üzrə gündəlik neft istehsalı 755 min barel olub. Energetika Nazirliyindən bildirilib ki, bunun 683 min barelini xam neft, 72 min barelini kondensat təşkil edib. Gündəlik 560 min barel xam neft, 68 min barel kondensat, 6,2 min barel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Cari ilin yanvar-sentyabr aylarında orta gündəlik neft hasilatı 767 min barel olub. Energetika Nazirliyi sentyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci il dekabrın 7-də "OPEC plus" üzrə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi"nin müddəti bu ilin iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.