Bakıda "Azəraeronaviqasiyada rəqəmsal transformasiya və kibertəhlükəsizlik" mövzusunda konfrans keçirilib

2019.10.10 18:15 (UTC+04:00)

Oktyabrın 10-da "Azərbaycan Hava Yolları"nın struktur bölməsi "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) dəstəyi ilə "Sheraton Baku Airport Hotel"də ilk beynəlxalq "Digital Transformation Day" konfransı keçirilib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, konfransın əsas mövzusu "Azəraeronaviqasiyada rəqəmsal transformasiya və kibertəhlükəsizlik" olub. Xarici tərəfdaşların da dəstəyi ilə keçirilən tədbirdə ABŞ, Almaniya, Avstriya, Fransa, Rusiya, Böyük Britaniya, Çin və digər ölkələrin aparıcı provayderlərinin nümayəndələri iştirak ediblər.

Konfransda AZANS-ın direktoru Fərhan Quliyev bildirib ki, hava nəqliyyatının təşkilində qabaqcıl rəqəmsal texnologiyalardan istifadə kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını və kibertəhlükələrdən qorunmanı tələb edir. "Aeronaviqasiya provayderi olaraq "AZANS ən qabaqcıl texnologiyaların tətbiqi sayəsində hava nəqliyyatının iqtisadi səmərəli, təhlükəsiz, etibarlı, çevik və dayanıqlı idarəedilməsini həyata keçirir. Bu il AZANS Qəbələnin hava limanında hava hərəkətinin idarəedilməsi üçün rəqəmsal qüllənin istifadəsinin birinci mərhələsini uğurla başa vurub. Yeni həll "Enhanced Airport Vision Display" platformasına əsaslanır", – deyə AZANS-ın direktoru qeyd edib.

Hazırda AZANS Azərbaycanın hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) idarəedilməsi texnologiyasının tətbiqi üzərində iş aparır. Pilotsuz hava hərəkətinin idarəsi qabaqcıl rəqəmsal texnologiyalardan istifadə nəticəsində tətbiq olunacaq, lakin ənənəvi uçuşların təhlükəsizliyi prioritet məsələ olaraq qalacaq.

"AZANS qabaqcıl rəqəmsal texnologiyalardan, o cümlədən süni intellektdən və pilotsuz uçuş aparatlarının idarə olunması və ya pilotsuz nəqliyyat vasitələrinin hərəkətinə nəzarət kimi tanınan sənayenin texnologiyalarından istifadə edərək, hava məkanında PUA-ların təhlükəsiz şəkildə tətbiq edilməsinin həlli yollarını axtarır. Eyni zamanda, bu cür yeniliklərin tətbiq olunmasının ənənəvi uçuşların təhlükəsizliyinə maneə törətməməsi prioritet məsələdir", - deyə F.Quliyev bildirib.

Bakıda keçirilən konfransın nəticəsində dünya mülki aviasiya tarixində ilk dəfə beynəlxalq hava naviqasiyasında kibertəhlükələrlə mübarizədə birgə səylər barədə bəyannamə imzalanıb.