Yaradıcı məhsulların "Azexport.az" portalı vasitəsilə ixrac imkanları müzakirə olunub

2019.10.10 17:51 (UTC+04:00)

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Mədəniyyət Nazirliyi ilə birlikdə "Kreativ Azərbaycan: Yaradıcı məhsulların "Azexport.az" portalı vasitəsilə ixrac imkanları" mövzusunda təqdimat keçirib. Təqdimatın keçirilməsində məqsəd "Azexport.az" portalının Azərbaycanın yaradıcı məhsullarının xarici bazarlara beynəlxalq elektron ticarət platformaları vasitəsilə ixrac imkanlarının genişləndirilməsinin növbəti mərhələsinə start verməsidir. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan "Azexport.az" portalının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır. Fəaliyyəti dövründə portala 150-dək ölkədən 1 mlrd. 300 milyon manatdan artıq ixrac sifarişi daxil olub. Bu sifarişlər əsasən ərzaq məhsulları, kənd təsərrüfatı məhsulları və sənaye məhsullarıdır. Azərbaycanda mədəni və kreativ məhsullar olan rəssamlıq, sənətkarlıq, musiqi, film, nəşriyyat və digər növ məhsulların da dünya bazarlarına çıxışı üçün əlverişli imkanları nəzərə alımaraq, “Azexport.az” portalının bu sahə üzrə sahibkarlıq fəaliyyəti göstərən potensial ixracatçılarla yenidən təqdimatı təşkil olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, yaradıcı və mədəniyyət sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. YMS-lər iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Beynəlxalq kateqoriya və təsnifatlandırmaya əsasən, YMS-lər musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalardan ibarətdir: "YMS-lərin inkişafına dair qlobal kontekstdə müxtəlif araşdırmalar aparılıb. Ən son təfsilatlı analiz BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı təşkilatının 2002-2015-ci illər üzrə "Yaradıcı iqtisadiyyata baxış" sənədidir. Bu sənədə əsasən, YMS-lər dünya üzrə araşdırma aparılan illər ərzində orta hesabla illik 7,3 faizlik artım göstəriblər. Bununla yanaşı, qeyd edilən illər ərzində YMS-lərin məhsul və xidmətləri üzrə dünya ixracı iki dəfədən çox artıb. Belə ki, 2002-ci ildə bu göstərici 208 milyard dollar olduğu halda, 2015-ci ildə artaraq 509 milyard dollar olub. Azərbaycanda yaradıcı və mədəniyyət sənayeləri ənənəvi olaraq müxtəlif formalarda mövcuddur. Bura həm qədim sənətkarlıq növləri, həm dərin musiqi ənənələri, həm də ədəbiyyat, film, rəssamlıq, foto və digər sahələr daxildir. Azərbaycan xalqı yaradıcı və inkişafa meyilli xalq olduğundan, YMS-lər həmişə ictimai həyatda mərkəzi rol oynayıb.

Hal-hazırda milli səviyədə YMS-lərə dair əhatəli statistikanın olmaması bu sektor üzrə inkişaf proseslərinin ölçülməsinə, monitorinqinə və qiymətləndirilməsinə tam şəkildə imkan vermir. YMS-lərin Azərbaycan iqtisadiyyatındakı payının müəyyən edilməsinə dair yeganə fəaliyyət 2017-ci ildə hazırlanan Azərbaycan üzrə Mədəniyyətin İnkişafı İndikatorları hesabatı olub. Hesabatda YMS-lərin ÜDM-də payı 1 faiz olaraq qeyd edilmişdir (2016-cı il üçün 374 milyon ABŞ dolları). Hesablamalarda Vergilər Nazirliyinin və Statistika Komitəsinin məlumatlarından istifadə olunub ki, burada da yalnız vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki və hüquqi şəxslərin məlumatları nəzərə alınıb. Ölkədə YMS sahələrinin inkişafı üzrə uzunmüddətli strateji planlaşdırmanın və inkişaf proseslərinin effektiv koordinasiyasının təmin edilməsi üçün "Yaradıcı sənayelərinin inkişafına dair Strategiya"nin hazırlanması yaxşı olar. Hazırlanacaq bu sənəd və sənədin əsasında aparılacaq praktiki fəaliyyət yaradıcı məhsulların artmasına, ixracın şaxələndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına, "kölgə iqtisadiyyatı"nın payının azaldılmasına, gənclər arasında işsizliyin azaldılmasına, dövlət ilə cəmiyyət arasında daha sıx əməkdaşlığa və digər geniş milli məqsədlərə töhfə verə bilər. YMS-lərin inkişafı təhsildə müasir yeniliklərin tətbiqinə, regionlarda iqtisadi inkişafa, təşkilatlararası və özəl sektor ilə əməkdaşlığın gücləndirilməsinə gətirib çıxaracaqdır. Onu da qeyd etmək lazımdır ki, bu sahədə yaradılan iş yerləri digər istehsalat sahələri ilə müqayisədə rəqəmsallaşmaya daha dözümlüdür, çünki insan intellekti ilə sıx bağlıdır. İqtisadi İslahatların Təhlili və Komminikasiya Mərkəzinin apardığı ilkin araşdırmalara görə, Azərbaycanda yaradıcı və mədəniyyət sənayelərində 1 manatlıq artım ümumi iqtisadi fəaliyyətdə 1,12 manatlıq artıma gətirib çıxara bilər".

Daha sonra Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edib. O, portalla əməkdaşlığın Azərbaycanın yaradıcı və mədəniyyət sənayelərində məhsul və xidmətlərin istehsalını həyata keçirən aparıcı subyektlərin – özəl şirkətlərin, fərdi sahibkarların və müəlliflərin də marağında olduğunu bildirib. Əlavə edib ki, YMS-lər sahələrində təmsil olunan biznes subyektləri, istehsalçılar, xidmət göstərənlər, müəlliflər və fərdi sahibkarlar üçün xarici və yerli bazarlara çıxış istiqamətində “Azexport.az” portalı mühüm platforma hesab olunur: "Böyük qlobal satış platformalarına inteqrasiya imkanlarını nəzərə alaraq, hesab edirik ki, yerli mədəni və yaradıcı industriya subyektləri üçün bu portal əlavə imkanlar açaraq onların bizneslərinə və tanıtımına mühüm töhfə verəcəkdir. Hazırda, YMS-lər sahəsində mövcud bazar iştirakçılarının beynəlxalq platformalarda və ümumən ixrac platformalarında təmsilçilik və satış həcm etibarilə olduqca aşağı səviyyədədir. Bu zərurətdən çıxış edərək Azexport portalı ilə əməkdaşlıq edilməsi yerli mədəniyyət və yaradıcı sənaye subyektləri üçün yalnız fayda gətirə bilər. Bu baxımdan, bütün YMS sahələrində fəaliyyət göstərən yerli biznes nümyandələrini, sahibkarları, istehsalçılar və müəllifləri bu mühüm platforma ilə fəal əməkdaşlıq etməyə dəvət edirik".

"Azexport.az" portalının rəhbəri Zaur Qardaşov portalın imkanlarına dair təqdimatla çıxış edib. O bildirib ki, inkişaf etmiş ölkələrdə kreativ məhsulların iqtisadiyyata verdiyi töhfə ÜDM-in 4-6 fazini təşkil edir: "Azərbaycanın bu sahədə mövcud potensialını nəzərə alsaq, perspektivdə bu sektor ölkəyə ən azı 1-1.5 milyard ABŞ dolları əlavə gəlir gətirə bilər. Bu məqsədlə kreativ məhsulların xarici bazarlarda təşviqi məqsədilə "Azexport.az" portalı sınaqdan keçmiş modelini və mövcud imkanlarını təklif edir. Məlum olduğu kimi, artıq digər sənaye və kənd təsərrüfatı məhsullarının ixracında fəaliyyətimiz uğurlu olub, bunları nəzərə alaraq kreativ sahədə də Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına dəstək olmaq istərdik. Bunun üçün bu sahədə ixtisaslaşan etsy.com, kickstarter.com, amazon kindle, online portallarla və Sotheby’s auksion evi ilə əməkdaşlıq qurulacaq".

Qeyd edək ki, "Azexport.az" portalı cari il ərzində Amazon platformasında elektron kitabların satışı istiqamətində uğura nail olub. Belə ki, ümumilikdə "Azexport" və Amazon portallarında Akademik Urxan Ələkbərovun "Fundamentals of İnclusive Development Management" adlı elektron kitabı 3 ay ərzində 300 dən artıq nüsxədə satılıb. Bildirilib ki, növbəti mərhələdə dizayn həlləri, əl işləri, milli suvenirlər, əsərlər, şeirlər, rəsmlər, kreativ video oyunlar, müsiqilər, bəstəkarlıq və potensial ixrac imkanı olan digər yaradıçılıq məhsullarının Etsy, Apple Music, Itunes, Google Play, Kickstarter, Sothebys və Amazon Kindle kimi platformalara yelrəşdirilməsi nəzərdə tutulub.