Azərbaycanla Türkiyə arasında standartlaşdırma sahəsində münasibətlər daha da gücləndirilir

2019.10.10 14:25 (UTC+04:00)

"Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq, qonşuluq əlaqələri keçmişdən indiyə qədər davam edən ənənələr üzərində qurulub". APA-nın məlumatına görə, bunu Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Hasan Büyükdede Türkiyənin "İntersert Uygunluk Değerlendirme Hizmetleri Anonim Şirketi"nin Azərbaycandakı Nümayəndəliyinin açılış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda İntersert Nümayəndəliyinin açılması bu ənənəni daha da gücləndirmək və inkişaf etdirmək üçün atılan təşviqedici addımdır: "Türk Standartları İnstitutu vasitəsilə son illərdə müxtəlif sahələrdə iş birliklərimiz daha da artıb. Dost və qardaş Azərbaycanda əsas hədəfimiz standartlaşdırma və uyğunluq dəyərləndirməsi sahəsində münasibətləri daha da gücləndirmək və ortaq layihələrin həyata keçirilməsi müddətini sürətləndirməkdir".

Nazir müavini qeyd edib ki, bu cür layihələrlə iki ölkə arasındakı münasibətlər daha da inkişaf edəcək.