Azərbaycanda 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb

2019.10.10 14:10 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda yaradılan sənaye parkları və həyata keçirilən sənayeləşmə siyasəti haqda danışıb: "Azərbaycanda sənayeləşmə çox sürətlə gedir. Artıq dövlət başçısının müvafiq qərarları ilə Azərbaycanda 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb". O bildirib ki, İqtisadiyyat Nazirliyi sənaye zonalarında sahibkarların fəaliyyətinin təşkil olunmasında çox maraqlıdır: "Sənaye zonalarının idarəçiliyi, bu zonalarda sənaye fəaliyyətinin səmərəliliyi, enerji effektivliyinin təmin olunması qarşıda duran mühüm vəzifələrdəndir. Məhz bu istiqamətdə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türk Standartlar İnstitutu ilə çox uğurlu əməkdaşlıq həyata keçiririk".

Nazir müavini əlavə edib ki, Azərbaycanda sənayeləşmə ilə bağlı tədbirlərin keçirilməsində, sənaye zonalarının qurulmasında Türkiyə tərəfinin böyük töhfəsi olub: "İlk növbədə Türkiyədə təcrübəsini öyrənib, Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri və prioritetlərini nəzərə almaqla, bu işləri uğurla həyata keçiririk. Rəqabətliliyin artırılmasında, dünya bazarlarına hər iki ölkənin məhsulunun çıxarılmasında beynəlxalq standartların çox böyük rolu var. Bu işlərin uğurla həyata keçirilməsi üçün müvafiq strukturlar yaradılmalıdır".