Qırğızıstan 2019-cu ildə rəqəmsallaşacaq

2019.01.13 11:00 (UTC+04:00)

Dövlət başçısı Qırğızıstanın Çuy bölgəsindəki Sokuluk rayonunun əhalisi ilə görüşü zamanı söylədiyi nitqində 2018-ci ilin kəndlərin inkişafı ili olduğunu xatırladaraq, bu il və gələcək illərdə də bu məsələnin hökumətin diqqət mərkəzində olacağını vəd edib. Bundan əlavə, Prezident 2019-cu ili "Rəqəmsallaşma ili" elan etdiyini bildirib. Keçən il kənd təsərrüfatı məhsulları istehsalçılarını dəstəkləmək üçün yeni müəssisələrin üç il müddətinə yoxlamalardan azad edildiyini bildirən S.Ceenbekov məhsulların sənədləşdirilməsi və standartlaşdırılması üçün yeni laboratoriyaların inşa edildiyini, yerli müəssisələr üçün böyük vergi güzəştlərinin tətbiq olunduğunu və kənd təsərrüfatının maliyyələşməsi sahəsində irəliləyişlər əldə edildiyini vurğulayıb. Prezident keçən il kənd təsərrüfatı məhsullarından əlavə, tekstil, geyim və inşaat sahələrində də məhsulları emal edən, saxlayan və çeşidləyən 200-dən artıq müəssisə açıldığını, beləliklə, 2500-dən artıq adamın işlə təmin olunduğunu bildirib.

Ölkənin rəqəmsallaşdırılması tədbirləri çərçivəsində cəmiyyətin gündəlik həyatına yeni texnologiyaların daxil olmasının davam edəcəyinə diqqəti yönəldən Qırğızıstan Prezidenti qarşıya qoyulan vəzifənin dövlət xidmətlərinin internet mühitinə keçirilməsi ilə korrupsiyanın və rüşvətxorluğun qarşısının alınması olduğunu deyib.