Dünya Bankı 2019-cu il üçün dünya iqtisadiyyatının artımına dair proqnozunu 2,6 faizdən 2,5 faizə endirib. 2019-cu ildə qlobal iqtisadi artımın zəifləməsi qeyri-müəyyən iqtisadi siyasət və qlobal investisiya və ticarət axınının azalması fonunda davam edib. 2019-cu ilin iyununda qlobal iqtisadi artımın bu il 2,6 faiz - 2016-cı ildən bəri ən aşağı səviyyədə olacağını proqnozlaşdıran Dünya Bankı bir sıra risklərin ortaya çıxması, o cümlədən ən böyük iqtisadiyyatlar arasında ticarətdə gərginliyin yenidən başlaması ilə əlaqədar proqnozu bir qədər də aşağı salıb. 2020-ci ildə artımın 2,5 faiz olacağı proqnozlaşdırılır və bu, iyun ayında dərc edilmiş proqnozdan 0,2 faiz bəndi azdır.
Dünya Bankının iqtisadçılarının fikrincə, iqtisadiyyatda heç bir böyük şok olmayacağı təqdirdə, habelə əvvəllər maliyyə bazarlarının təzyiqinə məruz qalan inkişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatların bərpası halında, artım 2021-ci ilədək sabitləşəcək və 2,6 faizə çatacaq (daha əvvəl 2,8 faiz olacağı gözlənilirdi): "2019-cu ildə Avropa və Mərkəzi Asiyanın bazarları formalaşmaqda olan və iqtisadiyyatları inkişaf etməkdə olan ölkələrində artımın 1,8 faizədək enərək (2018-ci ildə 3,2 faiz olub), son dörd ildə ən aşağı səviyyəyə çatacağı gözlənilir. Eyni zamanda, 2020-2021-ci illərdə Türkiyə iqtisadiyyatının bərpası və Rusiyadakı vəziyyətin yaxşılaşması ilə artım tempinin yüksələcəyi proqnozlaşdırılır".