Rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, "e-hökumət" həlləri...

2019.10.09 12:12 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə "Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması" mövzusunda üçüncü beynəlxalq konfrans işə başlayıb. Tədbirdə əsasən İpək Yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də "e-hökumət" həlləri müzakirə olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin kəsişməsində yerləşməklə təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, eyni zamanda rəqəmsal təşəbbüsləri də dəstəkləyir: "Böyük İpək Yolunun üzərində yerləşməklə Azərbaycan dünyada ikinci dəfə Rəqəmsal Ticarət Qovşağını yaradıb, eyni zamanda, dördüncü sənaye inqilabi mərkəzi ilə əməkdaşlığa başlayıb. Konfrans çərçivəsində "Bir kəmər, bir yol" layihəsi üzrə rəqəmsal təşəbbüslər ətrafında müzakirələr təşkil edilib. Azərbaycan bir tərəfdən Böyük İpək Yolu üzrə fiziki rəqəmsal infrastrukturun yaradılmasını həyata keçirir, digər tərəfdən isə Böyük İpək Yolu üzrə rəqəmsal həllərin təmin olunmasında fəal iştirak edir, Azərbaycanda Böyük İpək Yolu layihəsinin rəqəmsallaşması istiqamətində dövlət-özəl tərəfdaşlığı həyata keçirilir".

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal transformasiya üzrə həyata keçirilən islahatlar, reallaşdırılan layihələr, dövlət qurumları ilə banklar və maliyyə bazarlarının digər iştirakçıları arasında qarşılıqlı əməkdaşlığı qaçılmaz edir: "Elektron və mobil rezidentlik çərçivəsində Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən hesabın açılması xidməti təqdim ediləcək. Əlavə olaraq hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadə edilməsi, habelə həm özəl, həm dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərilir. Təsadüfi deyil ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olub".