Qeyri-rezidentlər üçün məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək

2019.10.09 10:56 (UTC+04:00)

"Elektron və mobil rezidentlik çərçivəsində Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək". "APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "3-cü Rəqəmsal Ticarət Forumu: İpək yolunun rəqəmsallaşdırılması" mövzusunda keçirilən tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov bildirib.

İ.Alışov deyib ki, əlavə olaraq hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadə edilməsi, habelə həm özəl, həm də dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərilir: "Təsadüfi deyil ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olur".