Ötən il 2,3 milyard manat sosial sığorta haqqı yığılıb

2019.01.12 15:37 (UTC+04:00)

Yanvar ayında istifadəyə veriləcək "Məşğulluq" sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edəcəkdir. Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni zamanda, işəgötürənlər işçi qüvvəsinə sərbəst çıxış əldə edəcəklər.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında deyib. Elektron xidmətlərin genişləndirilməsi məqsədilə "e-sosial" internet portalının, "Məşğulluq" sistemi və 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş İnformasiya Sisteminin yaradıldığını deyən nazir vurğulayıb ki, "e-sosial" portalı ölkəmizdə ilk dəfə olaraq sosial reyestri formalaşdırıb. Bunun sayəsində vətəndaşlara əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və digər məlumatlara birbaşa çıxış imkanı yaradılıb, şəffaflıq və ictimai açıqlıq təmin edilib.

Sahil Babayev bildirib ki, ötən il inzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb. Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86 milyon manat çox olub.

Nazir işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışıb. O qeyd edib ki, qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 91,3 min artıb.

Elxan SALAHOV