Ölkənin dövlət radiosunda çıxış edən İran İxracat Konfederasiyasının üzvü Murtaza Miri Avrasiya ölkələri ilə bir sıra mədəni və siyasi ümumiliklərin olduğunu vurğulayaraq: "Bu ortaq birlik, eyni zamanda, ölkələr arasında sülhü də təmin edə bilər", – deyib.
İranın noyabrın 4-də Avrasiya İqtisadi İttifaqına üzv olacağını bildirən M.Miri bu üzvlüyün ölkəyə 502 adda məhsulu gömrük vergisi ödəmədən ixrac etməyə imkan yaradacağını bildirib. Avrasiya İqtisadi İttifaqına üzvlüyün gerçəkləşməsi ilə ölkə daxilində özəl sektorun əhəmiyyətinin artacağına diqqət yönəldən İran rəsmisi bildirib ki, təcrübəmiz bizə göstərdi ki, özəl sektordan istifadə etməyəndə qoyduğumuz hədəflərə çata bilmirik.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. 2015-ci ildən fəaliyyətə başlayan bu quruma sonradan Ermənistan da qoşulub.