TAP vasitəsilə qazın kommersiya nəqli gələn ilin oktyabrında həyata keçiriləcək

2019.10.08 15:18 (UTC+04:00)

Trans-Anadolu qaz kəmərinin (TANAP) baş direktoru Saltuk Düzyol İstanbulda keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib ki, kəmər vasitəsilə qazın kommersiya nəqli 2020-ci ilin oktyabr ayından tez başlamayacaq. TAP-ın istifadəyə verilməsi şərti ilə 2020-ci ilin 1 iyul – 31 dekabr tarixləri ərzində TANAP-la Avropa üçün 6,1 milyard kubmetr, 2021-ci ilin 1 yanvar – 31 mart tarixləri ərzində 6,2 milyard kubmetr, 2021-ci ilin 1 aprel – 31 dekabr tarixləri ərzində 7,2 milyard kubmetr, 2022-ci ilin iyunun 1-dən isə illik 10,2 milyard kubmetr qaz nəql ediləcək.

Qeyd edək ki, TAP-ın inşasına başlanılandan bəri işlərin 89,3 faizi yekunlaşıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil edilən qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.