İslam bankçılığı iri investorları Azərbaycana cəlb edə bilər

2019.10.07 10:32 (UTC+04:00)

İslam İnkişaf Bankı Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı layihənin icrası üçün hökumətə 200 min dollar məbləğində qrant ayırıb. İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi Tamerlan Tağıyev "vergiler.az"a bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi layihənin əlaqələndiricisi seçilib: "Layihə ilə bağlı bu günədək müəyyən işlər görülüb. "IFAAS" və "EKVITA" şirkətinin birgə yaratdığı ortaq müəssisə bu işləri həyata keçirir. Onlar yerli qanunvericiliyi öyrənir. Gələcəkdə Azərbaycanda İslam bankçılığının tətbiqini mümkün etmək üçün atılacaq addımları tövsiyə edəcəklər".

İslam bankıçılığı hansı formada qurulacaq? Suala aydınlıq gətirən T.Tağıyev yeni bankçılığın formalaşdırılması üçün iki variantın təklif edildiyini bildirib. Birinci variant kimi İslam bankçılığı ilə bağlı ayrıca bir qanunvericiliyin tərtib edilməsi təklif olunur. Digər variant isə mövcud qanunvericiliyə müəyyən dəyişikliklər edilməklə İslam bankçılığının əsas məhsullarını təqdim etmək üçün imkan yaratmağı nəzərdə tutur. Bununla da mövcud bankların nəzdində İslam bankçılığı pəncərələrinin açılması mümkün olacaq.

T.Tağıyevin sözlərinə görə, hansı variantın seçilməsi hökumətin qərarından asılı olacaq: "İslam bankçılığı alternativ maliyyə mexanizmlərinin tətbiqini mümkün edən lazımlı sistemdir. İnanırıq ki, ölkədə onun potensialı mövcuddur". Qeyd edək ki, İslam bankçılığı depozit və kreditlərin faizsiz verilməsini təmin edir. Lakin burada sərmayə dəyərsiz olmur, qarşılıqlı tərəfdaşlıq həm ziyana, həm qazanca ortaqlıq prinsipləri üzərində qurulur.

Fərqanə ALLAHVERDİQIZI