İnsan kapitalı-təbii sərvətlər-inteqrasiya prinsipinə əsaslanan təkliflər paketi hazırlanıb

2019.10.04 16:30 (UTC+04:00)

- Əli müəllim, 2019-cu ilin ötən ayları ərzində Azərbaycan iqtisadiyyatında hansı əsas təmayülləri fərqləndirmək mümkündür?

- 2019-cu il bir sıra cəhətlərinə, xüsusən də sosial proseslərin tənzimlənməsi sahəsində görülən işlərin miqyaslarına görə özündən əvvəlki illərdən fərqlənir. İslahatların əhatə dairəsi genişlənib. Həyata keçirilən sosial paket 4 milyondan artıq adamı əhatə edir. Əməkhaqqı, pensiya və digər ödənişlər artırılır. On min dollara qədər olan kredit borcları ilə bağlı problemin həlli həm xeyli sayda əhali, həm də banklar üçün mühüm əhəmiyyət kəsb edir. Bu il iqtisadi dinamika artıb. 2019-cu ilin 8 ayında ÜDM-n artım tempi 2,4 faiz, o cümlədən qeyri-neft ÜDM-i 3 faiz artıb. Rəsmi rəqəmlərə görə, inflyasiya 2,6 faiz olub. Manat-dollar nisbəti 1,7:1 ətrafında sabitliyini saxlayıb. Xarici ticarət dövriyyəsi 14 faiz, qeyri neft-qaz ixracı 17 faiz artıb. İslahatları sistemli şəkildə dərinləşdirməklə müsbət dinamizmi daha da gücləndirmək olar.

- Ölkəmizin ümumi inkişafında qeyri-neft sektorunun payının artması mühüm yer tutur. Dövlətin qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasəti büdcə gəlirlərinin artmasında hansı rolu oynayır? Bu istiqamətdə hansı işlər görülməlidir?

- Bu il qeyri-neft sahələrində artım sürətlənib. Qeyri-neft-qaz sənayesi sahələrində artım 15 faizi, kənd təsərrüfatında isə 6 faizi otüb. Təbii ki, bu iqtisadiyyatın bütün sahələrinə, o cümlədən birbaşa və həmin sürətli artımın multiplikativ effeki baxımından büdcəyə də müsbət təsir göstərir, büdcəyə daxilolmalar artır. Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70 faizə çatıb. Bununla belə, qeyri-neft sektorunun potensialımıza layiq səviyyədə inkişafına nail olmaqdan və bu sahənin büdcəyə töhfəsini artırmaqdan ötrü məsələyə kompleks yanaşmaqla hələ çox işlər görmək lazımdır.

- Bu sahədə sizin hər hansı konkret təklifləriniz varmı?

Biz "Üç amil"– "insan kapitalı-təbii sərvətlər-inteqrasiya" prinsipinə əsaslanan optimal inkişaf modelinin reallaşdırılmasına dair təkliflər paketi hazırlamış və hələ 2 il bundan əvvəl onun birinci hissəsini Nazirlər Kabinetinə göndərmişik. Təbii ki, onun bütün cəhətlərini bir suala cavab çərçivəsində açmaq mümkünsüzdür. Amma əsas məqamlarını deyə bilərik. Təklif etdiyimiz yeni inkişaf modelinin hərəkətverici qüvvəsi neft, qaz deyil. Eləcə də neftdən sonra yalnız kənd təsərrüfatını inkişaf etdirməklə də kifayətlənmək olmaz. Təbii ki, neft-qaz hələ xeyli müddət Azərbaycan iqtisadiyyatında mühüm yer tutacaq. Bunları inkişaf etdirməklə yanaşı, həm də neft gəlirlərindən də səmərəli istifadə etməklə Azərbaycanda güclü intellektual bazaya, müasir biliklərə və səriştəyə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması rəqabət qabiliyyətimizi xeyli artırar və dayanıqlı inkişafımıza davamlı xarakter verər.

Həqiqi, etibarlı iqtisadi və sosial yüksəlişə və tərəqqiyə neftin, qazın, qızılın, gümüşün və
digər təbii sərvətlərin zənginliyi ilə deyil, elmdə, innovasiyalarda və elmi
texnologiyalarda üstünlük əldə etmək yolu ilə nail olmaq mümkündür

- Sizin yanaşmanıza görə Azərbaycan iqtisadiyyatında optimal inkişaf modelinin formalaşması və reallaşdırılmasının əsasları nədən ibarətdir?

- Bu sahədə bizim konkret təkliflərimiz var:

1. Optimal inkişaf modelinin reallaşdırılması tələblərinə uyğun olaraq Azərbaycan iqtisadiyyatında və cəmiyyət həyatının bütün sahələrində hüququn aliliyinə və iqtisadi azadlıqlara yönəlik əsaslı islahatlara davamlı xarakter verilməsi. Bazar mexanizminin səmərəli fəaliyyət göstərməsinin institusional əsaslarının inkişaf etdirilməsi, insan və mülkiyyət hüququnun konstitusion əsaslarla müdafiəsinin tam təmin edilməsi istiqamətində fundamental islahatların həyata keçirilməsi.

2. İqtisadiyyatın idarə edilməsi və tənzimlənməsinin elmiliyinin, innovativliyinin və kreativliyinin artırılması. Dövlətin iqtisadiyyatdakı rolunun optimallaşdırılması. İdarəetmə sisteminin təşkilati strukturu, kadr tərkibi və koordinasiyasının optimallaşdırılması.

3. Korrupsiya, inhisarçılıq, məmur özbaşınalıqlarının və bunlardan doğan çoxsaylı neqativlərin aradan qaldırılması istiqamətində başlanan işlərin genişləndirilməsi və sürətləndirilməsi.

4. Biznesdə məmur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılması.

5. Struktur islahatları vasitəsilə dövlətin, cəmiyyətin, biznesin və qabaqcıl texnologiyanın səmərəli kombinasiyasına nail olunması.

6. İqtisadi siyasətdə strateji xətt kimi əsas gücün yeni texnika və texnologiyaya əsaslanan fundamental struktur islahatlarının həyata keçirilməsinə verilməsi və keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidin sürətləndirilməsi. İqtisadiyyatın real sektorunun keyfiyyətli təhsil, elm və səriştə, bilik iqtisadiyyatı ilə sıx əlaqəsinin təmin edilməsi.

7.Müasir mərhələdə alternativi olmayan insan kapitalının üstün inkişafına dayanan innovasiyalı inkişaf modelinin reallaşdırılması, yeni yaradılan dəyərin bölgüsündə ədalətın təmin edilməsi istiqamətində bu ildən başlayaraq atılan addımların davam etdirilməsi.

Bir sıra ölkələrin təcrübəsi göstərir ki, həqiqi, etibarlı iqtisadi və sosial yüksəlişə və tərəqqiyə neftin, qazın, qızılın, gümüşün və digər təbii sərvətlərin zənginliyi ilə deyil, elmdə, innovasiyalarda və elmi texnologiyalarda üstünlük əldə etmək yolu ilə nail olmaq mümkündür. Təklif etdiyimiz yeni iqtisadi modelə uyğun surətdə Azərbaycanda neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modelindən insan inkişafının prioritet təşkil etdiyi modelə keçilməsi üçün nəzərdə tutulan həmin tədbirlərin sistemli şəkildə həyata keçirilməsi ilə 2020-ci ildən iqtisadiyyatımızın 5 faiz və ondan yüksək artım trayektoriyasına çıxa, maliyyə sisteminin səmərəli fəaliyyətini və bu əsasda orta perspektivdə əhalinin bütün təbəqələrinin layiqli həyat səviyyəsi təmin edilə bilər. Bundan ötrü Azərbaycan iqtisadiyyatında artımın keyfiyyətinin və həyat səviyyəsinin ölkənin potensialına uyğunlaşdırılması istiqamətində 2019-cu ildən başlanan islahat xarakterli tədbirlər davam etdirilməlidir.

Azərbaycanda güclü intellektual bazaya, müasir biliklərə və səriştəyə əsaslanan
yeni tipli iqtisadi sistemin formalaşdırılması rəqabət qabiliyyətimizi
xeyli artırar və dayanıqlı inkişafımıza davamlı xarakter verər

- Bununla əlaqədar olaraq yaxın və orta perspektivdə hansı problemlərin həllini zəruri hesab edirsiniz?

- Birincisi, islahatları dərinləşdırmək hesabına iqtisadiyyatımızın neft amilindən asılılığının azaldılması və Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsini iqtisadiyyatın liberallaşdırılması, insan inkiafının önə çıxarılması və innovasiyalı inkişaf relsləri üzərinə keçirilməsi istiqamətində atılan addımları sürətləndirmək.

İkincisi, hazırda dünyada gedən proseslər qarşıdakı illərdə dünya iqtisadiyyatında ciddi dəyişikliklərə gətirib çıxaracaq. Bununla əlaqədar olaraq Azərbaycanda başlanan islahatlarda, ortamüddətli perspektivdə dünya təsərrüfat sisteminin simasını müəyyən edəcək, bəlkə də dizaynını dəyişdirəcək əsas trendləri nəzərə almaqla çevik dəyişikliklər etməyi bacarmaq.

Üçüncüsü, korrupsiya, inhisarçılıq və ondan qaynaqlanaraq ölkənin öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilmiş neqativlərin aradan qaldırılmasına yönələn işləri genişləndirmək. Bunun magistral yolu islahatları dərinləşdirməkdən və iqtisadiyyatın liberallaşdırılmasından, rəqəmsallaşdırılmasının gücləndirilməsindən, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılmasından keçir. Məlumdur ki, bu qəbildən olan islahatlatlar sistemli və davamlı xarakter alıb əhali tərəfindən dəstəklənəndə onun nəticələri həm iqtisadiyyat, həm də əhali üçün daha müsbət olur. İqtisadiyyatın liberallaşdırılmasının sürətləndirilməsi hesabına azad sahibkarlığa və təşəbbüskarlığa hər cür şərait yaradılmalıdır ki, getdikcə daha çox insan özünü və ailəsini öz gücünə, öz imkan və qabiliyyətinə uyğun səviyyədə dolandıra bilsin, əhalinin, kiçik və orta sahibkarların gəlirləri korrupsiyanın və monopoliyanın alətinə çevrilməsin.

Dördüncüsü, ölkədə həyata keçirilən sosial paketlərin bəhrəsini monopoliyanın yox, əhalinin görməsini etibarlı şəkildə təmin etmək. Bu ilin əvvəlindən iki böyük sosial islahat paketi həyata keçirilir. Bunun nəticəsində dövriyyəyə daxil olan əlavə pul kütləsi, eləcə də istehlak kreditlərinin artmağa başlaması inflyasiya təzyiqini artıracaq və həmin təzyiqin bir hissəsi real qiymət artımı şəklində özünə göstərəcək. Amma bir sıra əks təsir göstərən amillərin sayəsində sözügedən bu iki amil ikirəqəmli inflyasiya yarada bulməz. Süni qiymət artımına qarşı təsirli və işlək mexanizm tətbiq edilməlidir ki, artan maaş, pensiya və digər ödənişlər onun "yeminə" çevrilməsin.

Beşincisi, kredit qoyuluşları artmağa başlasa da, yenidən real sektorun inkişafına yox, istehlak kreditlərinə üstünlük verilməyə başlayıb. 2015-2016-cı illərdə bunun yaratdığı fəsadlar hələ tam aradan qaldırılmayb. Kredit faiz dərəcələrinin aşağı salınması və bank sisteminin real sektorla əlaqəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar aparılmasına ehtiyac var.

Altıncısı, bu il əksər sahələrdə müsbət dinamika müşahidə olunsa da, sərmayə qoyuluşu sahəsində hələ əvvəlki illərdəki səviyyə təmin olunmayıb. Artıq gördüncü ildir ki,ölkədə sərmayə qoyuluşları sahəsində durğunluq və azalma davam edir və nəticədə onun həcmi 2014-cü ildəki ÜDM-in 30 faizindən indi ÜDM-in 17 faizi səviyyəsinə enib. Bu, hazırkı şəraitdə məqbul sayıla biləcək həddən iki dəfə aşağıdır. Bu amil ümumi iqtisadi artım tempinə mənfi təsir göstərir. Ona görə də islahatları genişləndirmək və dərinləşdirmək şəraitində iqtisadiyyatımıza həm xarici, həm də öz sahibkarlarımız tərəfindən sərmayə qoyuluşu sahəsində əlavə stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var. Sərmayə qoyuluşlarının strukturu da innovasiyalı inkişaf prinsiplərinə uyğun gəlmir, 70 faizdən çoxu tikinti-quraşdırma işlərinə və yalnız 12 faizi maşın, avadanlıq və sair texnikanın tətbiqinə sərf olunur. İqtisadi artım templərini sürətləndirməkdən ötrü həm sərmayə qoyuluşlarının yeni mərhələnin hədəflərinə uyğun şəkildə artırılması, həm də onun strukturunu əsaslı surətdə təkmilləşdirib, perspektivli istehsal sahələrinə, daha çox əlavə dəyər gətirən sahələrə yönəldilməsi, sərmayə qoyuluşlarının səmərəliliyinin artırılması və yetərincə yaxşı maaşlı iş yerlərinin açılması istiqamətində təsirli tədbirlərin görülməsi çox vacibdir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI