"Rəqəmsal təvqim"dən istifadə qaydaları müzakirə olunub

2019.10.04 14:41 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunun dövlət orqanları, özəl sektor və biznes assosiasiyalarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə komissiyanın funksional portalı olan "Azranking.az"ın imkanları, həmçinin işçi qruplarının fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, bu sahədə əlçatanlılıq və şəffaflığın, eləcə də ictimai iştirakçılığın artırılması məqsədilə yaradılmış "Rəqəmsal təvqim"dən istifadə qaydaları müzakirə olunub. Bundan əlavə, biznes mühitinin yaxşılaşdırılması üçün kiçik və orta sahibkarların vergi uçotuna alınması zamanı qarşılaşdığı çətinliklərin aradan qaldırılması, investisiya, vençur və pensiya fondlarının yaradılmasının əhəmiyyəti və imkanları, KOS-ların maliyyələşdirilməsinin digər alətləri barədə müzakirələr aparılıb.

Eyni zamanda, görüş iştirakçıları tərəfindən bu tipli dövlət-özəl və vətəndaş cəmiyyəti dialoqlarının artırılmasının vacibliyi vurğulanıb və müzakirələr nəticəsində formalaşan təkliflərin ümumiləşdirilərək komissiyaya təqdim olunması razılaşdırılıb.