Sığorta bazarında innovativ məhsullara və yeniliklərə ehtiyac var

2019.10.03 17:41 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, sığorta bazarının sağlam, dayanıqlı fəaliyyətinə nail olmaq, beynəlxalq standartlara uyğun tənzimlənmə və nəzarət çərçivəsini qurmaq prioritet hədəflərdəndir. Sığorta xidmətlərinə etimadın artırılması və sığorta infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlər sığorta haqlarının artımını stimullaşdırır. 2019-cu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 469,8 milyon manat məbləğində sığorta haqqı toplanıb, 175,5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı bildirib ki, yanvar-avqust ayları üzrə göstəricilər aprel ayından etibarən sığorta bazarında gedən tendensiyanın dəyişmədiyini göstərir. Həyatın yığım sığortaları üzrə rəqəmlərin azalması fonunda bazarda kiçilmə müşahidə olunur: "Görünən odur ki, ilin nəticələrinə görə sığorta bazarında yığımlar ötənilkindən daha az olacaq. Ayrı-ayrı sığorta növləri üzrə baxsaq, icbari sığortalar üzrə yığımların artması müşahidə olunur. Sığorta haqqı-sığorta ödənişi nisbətinə baxsaq, bazarda vəziyyətin ümumilikdə qənaətbəxş olduğunu deyə bilərik. Lakin bəzi sığorta növləri üzrə, xüsusilə də icbari avtomobil sığortasında və tibbi sığortada yığımlar digər növlərdən daha aşağı səviyyədədir. Məhz bu səbəbdən də bazarda öz risklər portfelini diversifikasiya edən və bir sığorta növündən asılı olmayan şirkətlərdə vəziyyət daha sabitdir".

Bildirilib ki, rəqəmlərin azalması şirkətlərin sığorta ödənişi verməməsi ilə bağlı deyil. Çünki belə hallar həmin məbləğin cəmi 1-2 faizini təşkil edə bilər: "Bu rəqəm daha çox ondan xəbər verir ki, sığorta şirkətləri artıq öz bizneslərində risk əsaslı yanaşmaya keçiblər. Əvvəlki kimi yalnız kütləvi və kor-koranə satış etmirlər, satışla yanaşı, həm də portfellərinin sağlamlaşdırılması barədə də düşünürlər. Avtomobillərin icbari sığortasında isə şirkətlərin ''ağlayacağı'' gün uzaqda deyil".

Ekspert hazırda sığorta bazarındakı vəziyyəti dəyərləndirərkən qeyd edib ki, ölkədəki sığorta bazarında şirkətlərin sayı kifayət qədər olsa da, önəmli olan kəmiyyət deyil, şirkətlərin keyfiyyətidir: "Müasir müştəri xidmətlərinə, innovativ məhsullara, yeniliklərə ehtiyac var. Əslində, bazarda normal və peşəkar satış (vasitəçi) şəbəkəsi olsa, şirkətlərin sayı heç də önəmli deyil. Mənim subyektiv fikrimdir ki, bazarda xarici aparıcı sığorta şirkətləri fəaliyyət göstərsin. Bu, həm rəqabət yaradardı, həm də maraqlı innovasiyalar və təcrübə gətirərdi".

X.Məmmədxanlı vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi yığımlarda azalmalar olsa da, qeyri-həyat sığortası üzrə həm könüllü (1 faiz və ya 0,9 milyon manat), həm də icbari sığorta növlərində (7 faiz və ya 8 milyon manat) artımın müşahidə edildiyini bildirib. Qeyri-həyat sığortasının könüllü növlərində olan artımın əsas drayveri tibbi (14 faiz və ya 8,8 milyon manat artım) və avtonəqliyyat vasitələrinin sığortası (28 faiz və ya 4,8 milyon manat artım) üzrə olub.

Fəxriyyə İKRAMQIZI