Əməkdaşlığın sərhədləri genişlənir

2019.10.03 15:14 (UTC+04:00)

Azərbaycan və Rusiyanın kiçik və orta biznes subyektləri arasında "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq perspektivləri" adlı "dəyirmi masa" keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə baş tutan tədbir Rusiya Federasiyasının "Opora Rossii" Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalininin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycan və Rusiya sahibkarları arasında əlaqələrin inkişafında önəmli rol oynayan Azərbaycan-Rusiya İşgüzar Şurasının, sıralarında yüzlərlə iş adamını birləşdirən "Caspian European Club"ın nümayəndələri, eləcə də kənd təsərrüfatı, turizm, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən Azərbaycan sahibkarları iştirak ediblər.

Tədbir çərçivəsində KOBİA və "Opora Rossii" Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə KOB-lara informasiya və marketinq dəstəyinin göstərilməsi, sahibkarlıq və biznes prosesləri sahəsində təlim proqramlarının həyata keçirilməsi, ixracyönümlü KOB-ların dəstəklənməsi, birgə layihələrin hazırlanması və reallaşdırılması, ticarət-istehsalat və elmi-texniki əməkdaşlıq və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.