Bakı-Mahaçqala qatarı sadələşdirilmiş gömrük proseduru ilə işləyəcək

2019.10.03 13:41 (UTC+04:00)

Dağıstanın başçısı Vladimir Vasilyev "Valday" Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI iclasında deyib ki, Dərbənddən keçəcək Mahaçqala-Bakı qatarının Sankt-Peterburq-Helsinki sürət qatarı kimi sadələşdirilmiş gömrük proseduru ilə sərhədi keçməsi məsələsi müzakirə olunur. V.Vasilyevin fikrincə, bu, qarşılıqlı turist axınının artırılmasına kömək edəcək. Dağıstanın başçısı əlavə edib ki, bu məsələ Azərbaycan və Rusiyanın müvafiq nazirliklərinin Dərbənddə keçirilən görüşündə müzakirə olunub.

Qeyd edilib ki, bir çox müsəlman məbədlərinin yerləşdiyi qədim Dərbənd şəhərinin turizm mərkəzinə çevrilməsi üçün plan hazırlanır.